Azərbaycan və Qazaxıstan neftin tranziti və Orta Dəhliz məsələlərini müzakirə edib

Əli Əsədov və Alixan Smailov (Mənbə: Azərbaycan Nazirlər Kabineti)

İyunun 22-də Azərbaycan Dövlət Neft Şirkəti və "KazMunayQaz Milli Şirkət" Səhmdar Cəmiyyəti arasında Qazaxıstan neftinin Azərbaycanın ərazisindən tranzitinə dair strateji əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Sənəd Azərbaycanın Baş nazir Əli Əsədovun Bakıda rəsmi səfərdə olan Qazaxıstanın Baş naziri Alixan Smailov ilə görüşü çərçivəsində imzalanıb.

Qazaxıstan nefti Azərbaycanın Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə qarışıq şəkildə daxil olur. Neftin bir hissəsi dəmir yolu ilə, digər bir hissəsi Aktau limanında yüklənərək Xəzər dənizindən keçən kiçik tankerlərlə gətirlərək boru kəmərinə doldurulur.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün Twitter hesabında yazıb ki, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə bu ilin sonuna kimi 1.125 milyon ton Qazaxıstan neftinin nəqli planlaşdırılır.

Qazaxıstan 2022-ci ilin yayında tədarükləri diversifikasiya etməyə çalışaraq, Rusiyadan yan keçərək neft ixracını artırmağa çalışır. Lakin hələlik Xəzər Boru Kəməri Konsorsiumu (CPC) əsas ixrac marşrutu olaraq qalır və Rusiyanın Novorossiysk yaxınlığındakı Yujnaya Ozereyevka dəniz terminalında başa çatır və alternative təchizatın payı azdır.

Bu gün Azərbaycan Baş naziri Əli Əsədov və Qazaxıstan Baş naziri Alixan Smailovun görüşündə bildirilib ki, Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın əsas istiqamətini ticari-iqtisadi əlaqələr təşkil edir.

Tərəflər 2022-ci ildə əmtəə dövriyyəsinin əhəmiyyətli şəkildə - təxminən 4,5 dəfə artaraq 600 milyon dollar həddinə çatdığını deyib.

Baş nazirlər nəqliyyat-logistika əlaqələrinə prioritet əhəmiyyət verildiyini bildirib. Transxəzər beynəlxalq nəqliyyat marşrutunun (Orta Dəhliz) əhəmiyyəti xüsusi qeyd olunub.

"Ötən il Azərbaycan və Qazaxıstan arasında yükdaşımaların ümumi həcmi təxminən 3 dəfə, tranzit yükdaşımaları isə 3,2 dəfə artıb" , Əsədov qeyd edib.

Orta Dəhliz üzrə yüklərin nəqlinin artırılmasına dair dövlət başçılarının tapşırıqlarının hökumət xətti ilə icra edilməsinə tərəflərin sadiqliyi ifadə olunub.

Baş nazirlər neft-qaz sahəsində əməkdaşlığın müsbət məcrada inkişafını vurğulayıb, Qazaxıstan neftinin cari ildə Azərbaycan vasitəsilə üçüncü ölkələrin bazarlarına təchizatının başlanmasını məmnunluqla qeyd ediblər.

Bu gün, həmçinin iki ölkə arasında "Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında nəqliyyat sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə əməkdaşlıq Memorandumu", "Azərbaycan İqtisadiyyat Nazirliyi ilə Qazaxıstan Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında gəmilərin və dəmir yolu lokomotivlərinin təchizatı sahəsində əməkdaşlıq haqqında Memorandum" və digər sənədlər imzalanıb.