Avropa Parlamenti NATO-nu Ukraynanı alyansa qoşulmağa dəvət etməyə çağırır

Avropa Parlamenti NATO müttəfiqlərini Ukrayna ilə bağlı öhdəliklərinə əməl etməyə və rəsmi Kyivin müdafiə alyansına qoşulmağa dəvət olunmasına yol açmağa çağırır.

Parlamentin cümə axşamı qəbul etdiyi qətnaməsində NATO-nun Vilnüs və Vaşinqtonda baş tutacaq zirvə toplantılarında Ukraynanın quruma üzvlük yolunun açılması istiqamətində qəti addımların atılmasına çağırılır. Avropalı deputatlar üzvlük prosesinin müharibə bitdikdən sonra başlayacağına və mümkün qədər tez yekunlaşacağına ümid edirlər.

Ukraynanın həmçinin Avropa İttifaqına üzvlüyü məsələsinə toxunan Parlament Avropa Komissiyasını və üzv dövlətləri Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların bu il başlaya bilməsi üçün dəstəyi davam etdirməyə çağırır. Parlament vurğulayır ki, Ukraynanın həm NATO, həm də Aİ-yə inteqrasiyası regional və qlobal təhlükəsizliyi gücləndirəcək və sülhün qorunmasını təmin edəcək.

Parlament Avropa Şurasının Reykyavik sammitində Rusiyanın Ukraynaya vurduğu zərərlə bağlı reyestrin yaradılmasını alqışlayıb. Qətnamə Aİ institutlarını və üzv dövlətləri Rusiyanın ictimai aktivlərinin müsadirə edilməsi üçün hüquqi bazanın yaradılmasına çağırıb. Məqsəd bu aktivlərdən Ukraynanın yenidən qurulmasını maliyyələşdirmək və müharibə qurbanlarına təzminat ödəmək üçün istifadə etməkdir. Parlament Rusiyanın müharibənin bitməsindən sonra qanuni olaraq təzminat ödəməyə borclu olduğuna inandığını vurğulayır.

SEE ALSO: Rusiyanın Ukraynaya vurduğu zərərlə bağlı reyestr yaradılıb

Avropa Parlamentinin qətnaməsi Rusiyanı Kaxovka bəndinin dağıdılmasında günahlandıraraq, bunun müharibə cinayəti olduğunu bildirib. Parlamentarlar bəndin dağıdılması da daxil olmaqla müharibə cinayətlərində əli olan şəxlərin beynəlxalq hüquqa uyğun olaraq məsuliyyət daşıyacaqlarını əlavə ediblər.

İyunun 6-na keçən gecə Dnepr çayı üzərindəki Kaxovka Su Elektrik Stansiyasının bəndinin dağıdılması daşqınlara və ekoloji fəlakətə səbəb olub. Ukrayna, Avropa İttifaqı və Britaniya baş verənlərə görə Rusiyanı günahlandırıb. Kyiv hesab edir ki, söhbət Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu dayandırmaq ümidi ilə "daxili strukturlara zərbə vurmaqdan" gedir.

Rusiya tərəfi ittihamları rədd edib və Kaxovka bəndinin dağılmasını "Ukraynanın qəsdən təxribatı" adlandırıb.