Azərbaycanın energetika naziri Pərviz Şahbazov 2023-cü ilin birinci yarısında Azərbaycanda hasil edilən neft, neft kondensatı və qazın miqdarını açıqlayıb.
Nazirin sözlərinə görə 2023-cü ilin yanvar-may aylarında neft və kondensat hasilatı 12,7 milyon ton, ixrac isə 10,6 milyon ton olub.
Şahbazov bildirib ki, bu ilin yanvar-may aylarında qaz ixracı 9,6% artıb.
“Avropaya 4,8 milyard kubmetr, Türkiyəyə 4,3 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz ixrac edilib. Bu dövrdə Cənub Qaz Dəhlizi boru kəmərinin ən böyük seqmenti olan Trans Anadolu Boru Kəməri (TANAP) ilə Türkiyəyə 2,4 milyard kubmetr qaz verilib”, o qeyd edib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bidlirib ki, Azərbaycan əlavə qaz həcmlərinin Avropaya ixracı məqsədi ilə infrastrukturun genişləndirlməsini nəzərdə tutan memorandum imzalayıb.
“Bu ölkələr sırasında Türkiyə, Bolqarıstan, Rimıniya, Macarıstan və Slovakiya olacaq. Bundan nəticə çıxarmaq olar ki, Azərbaycanın genişləndirilmiş qazı Avropanın cənubuna, Balkanlara deyil, Şərqi və Mərkəzi Avropa ölkələrinə ixrac ediləcək”, o qeyd edib.
Rəsmi statistikaya görə Azərbaycanın 800 milyon tondan çox neft, 2,6 trilyon kubmetr qaz ehtiyatları var.