Milli Məclis Bakı-Tbilisi-Qars dəmir yolunda tranzit gömrük prosedurlarının asanlaşdırılması barədə sazişi təsdiq edib

İyunun 8-də Azərbaycan Milli Məclisi “Azərbaycan Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair” Sazişi təsdiq edib.

Saziş dövlətlərin ərazilərindən keçməklə malların maneəsiz və sürətli beynəlxalq daşınmasını asanlaşdırmaq, yük daşımaları üçün vaxtı azaltmaq məqsədi daşıyır.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, sənədin qəbulu Azərbaycanın geosiyasi mövqeyini tamam başqa səviyyəyə yüksəldəcək.

"Bu layihə üç ölkə arasında yalnız ilk addımdır. Yaxın gələcəkdə Mərkəzi Asiya ölkələrinin də bu layihəyə qoşulmasının şahidi olacağıq", o qeyd edib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, sənədin qəbulu nəticəsində gömük nəzarətinə sərf olunan müddət azaldılacaq, ilkin elektron məlumat mübadiləsi sistemlərindən istifadə etməklə prosedurlar sadələşdiriləcək, sürətli daşınması tələb olunan mallara xüsusi diqqət ayrılacaq.

“Bütün məsələlərin tənzimlənməsi üçün üçtərəfli əməkdaşlıq komissiyasının yaradılması planlaşdırılır. Sazişin depozitarisi Türkiyədir. Saziş qeyri-müəyyən müddətə bağlanır, yəni bütün sənədlər Türkiyədə saxlanılacaq", o qeyd edib.

Sazişin icraçı üzrə səlahiyyətli orqanlar Azərbaycanda Dövlət Gömrük Komitəsi, Türkiyədə Ticarət Nazirliyi, Gürcüstanda isə Gəlirlər Xidmətidir.

Xatırladaq ki, 2022-ci ildə BTQ ilə 432 284 ton, 2017-2022-ci illərdə isə 1 347 585 ton yük daşınıb.

Bakı-Tbilsi-Qars dəmir yolu Avropa-Qafqaz-Asiya (Orta Dəhliz) əsas seqmentlərindəndir. Bu dəmir yolu xətti Azərbaycanın təşəbbüsü və maliyyə dəstəyi ilə inşa edilib. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Orta Dəhlizlə yükdaşımaların həcmi durmadan artmaqdadır. Hazırda Çindən Avropaya və əksinə yükdaşımalarda bu dəhliz diqqət mərkəzindədir.