Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin fevralın 23-də Ankarada beşinci üçtərəfli görüşü olub. Nazirlərin növbəti görüşü Türkmənistanda keçiriləcək.
Görüşün yekunu ilə bağlı nazirlərin imzaladığı birgə bəyanatda deyilir ki, nazirlər çoxtərəfli əməkdaşlıq perspektivlərini genişləndirmək üçün Türkmənistan-Türkiyə-Azərbaycan üçtərəfli mexanizmindən istifadə etməyin vacibliyini qəbul edib.
“Tərəflər terrorizm, separatizm, ekstremizm və ayrı-seçkiliyin bütün formaları və təzahürləri, transmilli mütəşəkkil cinayətkarlıq və narkotik maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, silah və insan alveri, mədəni və tarixi irsə qarşı cinayətlər, kiber cinayətlər və qanunsuz miqrasiya ilə mübarizə sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.”
Nazirlər üçtərəfli iqtisadi əməkdaşlığın gücləndirilməsinin, həmçinin iştirakçı dövlətləri arasında iqtisadi əməkdaşlıq üçün hüquqi bazanın vacibliyini qeyd edib.
“Tərəflər ticarət və iqtisadi əməkdaşlığı gücləndirərək, investisiya və ticarəti stimullaşdırmaq üçün mövcud potensialdan istifadə edərək, habelə gömrük, enerji, nəqliyyat, telekommunikasiya, sənaye, kənd təsərrüfatı elm, təhsil, mədəniyyət, turizm və ətraf mühitin qorunması sahələrində birgə layihələr və proqramlar həyata keçirməklə əməkdaşlığın daha da inkişaf etdirilməsinə dəstək verməyə qərar verib. Hər üç ölkənin kiçik və orta müəssisələri arasında mövcud əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd edilib.”
Hər üç nazir Covid-19 pandemiyasına qarşı mübarizə sahəsində həmrəyliyi gücəndirəcəyini bildirib.
Sənəddə nəqliyyat infrastrukturunun inkişafı və tranzit potensialının artırılması ilə bağlı yeni layihələrin həyata keçirilməsinin vacibliyi bildirilir.
“Şərq-Qərb” Trans-Xəzər nəqliyyat dəhlizi də daxil olmaqla ölkələrin tranzit potensialının gücləndirilməsi üçün görülən əhəmiyyətli səylər qeyd edilir və bu baxımdan Türkmənbaşı (Türkmənistan) və Ələt (Azərbaycan) limanları arasında dəniz nəqliyyatının səmərəli fəaliyyətinin vacibliyi vurğulanır. Müasir İpək Yolunun bir hissəsi kimi Bakı-Tbilisi-Qars (BTQ) Dəmir Yolu layihəsinin Asiya ilə Avropa arasında rəqabətli nəqliyyatın asanlaşdırılmasında əsas rolu vurğulanır və BTQ Dəmir Yolu ilə sərnişin daşınmasına hazırlıqları alqışlanır. Ticarət əlaqələrini nəqliyyatın asanlaşdırılması və tranziti yolu ilə inkişaf etdirməyi hədəfləyən və regional əlaqələrin yeni bir ölçüsünü təmsil edən Tranzit və Nəqliyyat üzrə Əməkdaşlıq Sazişinin (Lapis Lazuli) qüvvəyə minməsi alqışlanır. Mövcud infrastrukturun modernləşdirilməsinin, regional nəqliyyat və ticarətin inkişafı üçün əlverişli şəraitin yaradılmasının vacibliyi ifadə edilir.”
Nazirlər üç ölkə arasında enerji sahəsində tərəfdaşlığın əhəmiyyətini vurğulayıb və Azərbaycandan təbii qazın artan həcmdə, Türkmənistandan Türkiyəyə və Avropanın qalan hissəsinə enerji mənbələrinin çatdırılmasına yönələn enerji layihələrini dəstəklədiklərini bir daha təsdiqləyib.
“Tərəflər Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində “Dostluq” adı verilən karbohidrogen yatağının birgə kəşfiyyatı və işlənməsi üzrə Memorandumun imzalanmasını məmnuniyyətlə qarşılayıb. Bu baxımdan, nazirlər Türkiyənin və Avropanın qalan hissəsinin enerji təhlükəsizliyini artırmaq, həmçinin Azərbaycan və Türkmənistanın iqtisadi inkişafına və çiçəklənməsinə töhfə vermək məqsədilə karbohidrogen ehtiyatlarının inkişafı və tədarükü üçün birgə layihələr hazırlamağa hazır olduqlarını bildirib,” sənəddə qeyd edilir.