Avropa İttifaqı: Azərbaycan Aİ üçün mühüm tərəfdaşdır. Əməkdaşlığımızın davam etdirilməsində və möhkəmlənməsində maraqlıyıq

"Azərbaycan Aİ üçün mühüm tərəfdaşdır. Biz xüsusən energetika, islahatlar, ticarət və investisiyalar sahəsində məhsuldar əməkdaşlığımızın davam etdirilməsində və möhkəmlənməsində maraqlıyıq".

Bu barədə Avropa İttifaqının ATƏT-dəki Nümayəndəliyinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ötən gün ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışına cavab bəyanatında deyilir.

Bəyanatda deyilir ki, energetika və rabitəlilik Aİ-nin İqtisadi və İnvestisiya Planının əsas elementlərini təşkil edir.

"Planın məqsədi Azərbaycana 2 milyard avroyadək mühüm dövlət və özəl investisiyalarının cəlb olunmasından ibarətdir. Azərbaycan Avropanı Mərkəzi Asiya və onun hüdudlarından kənarda birləşdirən Orta Dəhlizin inkişaf etdirilməsində və xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə enerji mənbələrinin və nəqliyyat marşrutlarının şaxələndirilməsində əsas rol oynayır. 2022-ci ilin iyul ayında Bakıda Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb", Aİ-nın bəyanatında deyilir.

Aİ əmindir ki, qanunun aliliyinin, insan haqlarının və demokratik təsisatların möhkəmləndirilməsi Azərbaycanın uzunmüddətli maraqlarına, müstəqil, sabit və firavan ölkənin təmin edilməsinə xidmət edir.

"Mayın 22-23-də Brüsseldə keçirilən Ədliyyə, Azadlıq, Təhlükəsizlik və İnsan Haqları və Demokratiya üzrə Alt Komitənin iclasında Aİ Azərbaycanın məhkəmə sisteminin gücləndirilməsi, korrupsiyaya qarşı mübarizənin effektiv mexanizmlərinin yaradılması və Aİ standartlarına uyğun olaraq şəffaflığı təmin etmək üçün dövlət idarəçiliyinin modernləşdirilməsi istiqamətində addımlar atmaq öhdəliyini təqdir edib. Eyni zamanda, Aİ Azərbaycanın məhkəmə sisteminin müstəqilliyini və qərəzsizliyini təmin olunması üçün əlavə addımların atılmasının vacibliyini qeyd edib və müstəqil səslərin (şəxslərin) davamlı təqib olunmasından narahatlığını ifadə edib. Aİ, həmçinin Venesiya Komissiyasının 2022-ci il Media Qanunu və Siyasi Partiyalar haqqında yeni Qanunla bağlı 2023-cü il rəyini xatırladıb və bu qanunların Azərbaycanda siyasi plüralizmə və toplaşmaq azadlığından istifadəyə təsir göstərə biləcəyindən narahatlığını bildirib. Aİ Azərbaycanın islahatlarda əsas tərəfdaşıdır və mənalı islahatların aparılmasında Azərbaycana dəstək verməyə hazırdır. Aİ-nin hər zaman və istənilən şəraitdə ölüm hökmünə qarşı prinsipial mövqeyinə uyğun olaraq, biz Azərbaycanın ötən ilin mart ayında Avropa İnsan Hüquqları Konvensiyasına bütün hallarda ölüm hökmünü qadağan edən 13 saylı Protokolun imzalamasını alqışlayır və onun ratifikasiyasını səbirsizliklə gözləyirik. Aİ Azərbaycanın ATƏT ilə hər üç aspektdə müsbət əməkdaşlığını, təşkilatımızın və onun bütün strukturlarının səmərəli fəaliyyətini təmin etmək üçün zəruri qərarların təcili qəbul edilməsinə konstruktiv yanaşmanı və çevikliyi təşviq edir, xüsusilə də Vahid Büdcə və büdcə- əlaqəli məsələlərdə" , bəyanatda vurğulanıb.

AXCP Bakıda aksiya keçirməyə cəhd edib

Bundan əlavə Avropa İttifaqı cavab bəyanatında Qarabağ məsələsinə də toxunub.

Aİ bəyanatında mayın 14-də Brüsseldə tərəflərin bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıdığını təsdiqləndiyi Aİ-nin rəhbərlik etdiyi sülh danışıqlarına Azərbaycan və Ermənistanın yenidən cəlb olunmasını səmimiyyətlə alqışladığını xatırladıb.

"İyunun 1-də Kişinyovda Fransa və Almaniya liderlərinin iştirakı ilə keçirilən görüş onların prosesə sadiqliyini bir daha nümayiş etdirdi. Biz danışıqlar və dialoqun Azərbaycan və Ermənistan arasında ədalətli və hərtərəfli sülhə nail olmaq üçün yeganə yol olduğunu bir daha vurğulayırıq. Nəticə etibarı ilə dialoqda davamlılıq və konkret nəticələr proses üçün həlledici əhəmiyyət kəsb edir və biz Bakının 21 iyulda Aİ-nin vasitəçiliyi ilə keçiriləcək növbəti iclasında iştirakını təqdir edirik və burada daha da irəliləyiş əldə olunmalıdır. Biz Azərbaycanı Dağlıq Qarabağdakı erməni əhalisinin hüquqlarını və təhlükəsizliyini qoruyan müsbət gündəm hazırlamağa çağırırıq. Mövcud vəziyyət narahatedicidir və mənfi humanitar təsir göstərir, çünki etnik erməni əhalisi əsas enerji və rabitə xidmətlərində dəfələrlə fasilələrlə üzləşib, atəşkəsin tez-tez pozulması xəbərləri isə onların rifahı ilə bağlı ciddi narahatlıq yaradır. Əgər bu belədirsə, biz Bakını sabit enerji təchizatını təmin etməklə və elektrik şəbəkəsində texniki xidmətin aparılmasına icazə verməklə, etnik erməni əhalisinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün konkret addımlar atmağa çağırırıq. Eyni zamanda, biz bütün tərəfləri düşmənçilik ritorikasından çəkinməyə və bunun əvəzinə etimad yaradan və sülh danışıqları üçün əlverişli mühit yaradan narrativi təbliğ etməyə çağırırıq. Xüsusilə saxlanılanların azad edilməsi ilə bağlı əlavə etimad yaradıcı tədbirlər də həyata keçirilməlidir. Aİ minatəmizləmə fəaliyyətlərinə dəstək təklif etməyə davam edəcək və biz minalanmış ərazilərin müəyyən edilməsi üçün tərəflər arasında əməkdaşlığın vacibliyini vurğulayırıq. Sonda, nazir Bayramov, icazə verin, Aİ-nin regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqaz istiqamətində fəaliyyətini davam etdirmək öhdəliyini bir daha vurğulayım" bəyanatda deyilir.

Xatırlatma

İyunun 6-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxış edib. XİN-nin məlumatına görə, nazir Ceyhun Bayramov çıxışında ATƏT regionunda ümumi təhlükəsizlik mühitinin əhəmiyyətindən söz açaraq Helsinki Yekun Aktında təsbit edilmiş ATƏT iştirakçı dövlətlərinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmətdən başlayaraq təşkilatın prinsipləri və öhdəliklərinin sülh və təhlükəsizliyin təməli olaraq qalmasının, coğrafi üstünlüklər və ikili standartlar olmadan bərabər və qeyd-şərtsiz tətbiq olunmasının əhəmiyyətindən bəhs edib.

Azərbaycan xarici işlər nazirliyi

Rəsmi Bakı ölkədə insanların fundamental hüquq və azadlıqlarının tam təmin edildiyini bildirir. Hüquq-mühafizə orqanları işgəncə və qeyri-insani rəftarla bağlı deyilənləri saxlananılan şəxslərin müdafiəsi məqsədi ilə deyildiyini və reallığı əks etdirmədiyini bəyan edir.

Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyası 2022-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda Azərbaycanla bağlı məruzəçi fəaliyyətdədir.