Azərbaycanın İrandakı diplomatik missiyasının bərpa olunması istiqamətində İran tərəfindən müraciət daxil olub. Yerli medianın məlumatına görə, bu barədə iyunun 5-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.
“Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı cinayət işi davam edir”, nazir əlavə edib.
Nazirin sözlərinə görə, Azərbaycan ən qısa zamanda cinayət işi üzrə istintaqın başa çatdırılacağına və günahkarların cəzalandırılacağına ümid edir, lakin hələlik hər hansı konkret nəticələr barədə danışmaq tezdir.
"Biz hesab edirik ki, bu hadisə iki ölkə arasında münasibətlərə çox mənfi təsir edən amildir. Eyni zamanda, bizə bir neçə dəfə İran tərəfindən diplomatik missiyamızın fəaliyyətinin bərpa olunması ilə bağlı müraciətlər daxil olub. Ancaq təbii ki, bu məsələlər bir-birindən asılıdır və Azərbaycan tərəfi tam əmin olmalıdır ki, cinayətkarlar, sifarişçilər məsuliyyətə cəlb olunmalı, sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycan tərəfinə bununla bağlı bütün zəmanətlər sözdə deyil, əməldə verilməlidir”, o bildirib.
Nazir həmçinin İranda həbs edilən Fərid Səfərli ilə bağlı məsələyə də münasibət bildirib.
“Yanvar ayının sonunda Azərbaycan vətəndaşlarına İrana səyahət xəbərdarlığı edib. Bütün bunlara baxmayaraq, hadisə baş verdikdən dərhal sonra nota təqdim edildi. Həmin şəxsin taleyi barədə məlumat almağımız kifayət qədər uzun çəkdi. Həmin tələbə ilə baş konsulluq arasında əlaqə var”, nazir deyib.
İkinci Qarabağ müharibəsindən sonra (sentyabr-noyabr 2020-ci il) İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb və hazırda da davam edir. Müharibədən sonra İran Azərbaycanla sərhəddə azı iki hərbi təlim keçirib. İran rəsmiləri Azərbaycanı hədələyici bəyanatlarla çıxış edib. Buna cavab olaraq Azərbaycan da İranla sərhəddə iki dəfə hərbi təlimlər keçirib.
2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.
İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.
Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.
Hücumdan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.
Bundan sonra aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomantını ölkədən çıxarıb. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.
Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.
Birləşmiş Ştatlar Azərbaycanın Tehrandakı səfiriyinə hücumu pisləyib, diplomatlara və diplomatik nümayəndəliklərə qarşı hər hansı hücumun qəbuledilməz olduğunu bildirib.