Bu yaxınlarda İranın Mədəniyyət və İrşad Nazirliyini tələbi üzrə müxtəlif şəhərlərinin cümə imanları cümə namazı xütbələrində İran milliyyətçiliyinin simvollarından olan "şair Firdovsini anma və fars dilini qoruma günü" münasibəti ilə bağlı danışıblar.
Bəzi siyasi fəallar son vaxtlar İran hökümətində milliyyətçi qüvvələrin gücləndiyini irəli sürürlər. Lakin siyasi fəal və araşdırmaçı Səməd Purmusəvi Amerikanın Səsinə müsahibədə deyir ki, şiəçilik və milliyyətçilik hər zaman İran dövlət trukturunda iç-içə olublar.
"Cümə imamları hakimiyyətə, yəni Vilayət Fəqih (ali lider) qurumuna bağlıdırlar. İnqilabdan sonra cümə namazları İnqilabın banisi Xomeyni vasitəsi ilə siyasi bir yön aldı. Sonralar bunların strukturu qurulmağa başladı. Daha sonra, Əli Xameneyi vasitəsi ilə ali rəhbərə bağlı müstəqil bir təşkilata (Cümə İmamları Siyasət Tənzimləmə Şurası) çevrildi," Purmusəvi söyləyir.
O, cümə namazlarının İranın ali liderinin siyasətlərini əhaliyə çatdırmaq üçün bir vasitə olduğunu ifadə edir:
"Cümə namazı xütbələrində hakimiyyətin və ya rəhbərliyin siyasətlərini birbaşa millətə çatdırmaq istəyirlər. Yəni özlərinin dediyi kimi, inqilabın dəyərləri və siyasətləri birbaşa insanlara öyərdilir və gümdəm məsələləri və özəl günlər haqqında xütbələr yuxarıdan müəyyən edilir."
Purmusəvi cümə imamlarının keçmiş illərdə də fars dili ilə bağlı danışdıqlarına diqqət çəkərək deyir ki, "bu birinci dəfə deyil ki, cümə imamları fars dili məsələsi haqqında danışırlar. Məsələn 2019-da Urmiyə cümə imamının bir xütbədə İslamın fars dilinə borclu olduğunu dediyini gördük. Məsələn fars dilinin cənnət dili olduğunu söyləyən və ya türk dilini də cəhənnəm dilinə oxşadan cümə imamları görmüşük... Son zamanlarda amma doğrudur ki, fars dili qurumları gücləndikdə və büdcələri artdıqca fars dili məsələsi daha çox gündəmə gəlir".
Purmusəvi İran dövlət strukturunda milli mənafeyin həm şiə məzhəbi həm də, fars dili üzərində qurulduğunu vurğulayır.
"Bunlar bir-birinə qarşı deyil. Bəzi insanlarımız gündəm məsələləri üzərindən baxanda irançılığı şiəçilikdən ayırır və bu mövzunu pan-İranizmin boynuna yıxırlar. Sanki, bu sistem üçün İran milliyyətçiliyi önəmli deyil və bu mövzu milliyyətçi kəsimin sistemə nüfuzu kimi dəyərləndirilir. Onun üçün də insanlarımız bütün enerjilərinə pan-İranist qüvvələr və ya İranşəhri düşüncəyə qarşı ayırırlar. Amma məsələyə tarixi kontekstdə də baxdığımızda, hər iki fenomen yəni, din və dil məsələsi həm bir-biri ilə çox sıx əlaqədə olublar və bu son yüzildə modern İran milli dövləti yaranmasından bəri yəni, İran milləti tərif olunanda, hər iki fenomen əsasənda təriflənib. Yəni biri dilə bağlanan kimlik, biri də dini kimlik. Bunlar tamamən iç-içədir. Buna bir tarixi məşruiyyət də qazandırırlar" , Səməd Purmusəvi əlavə edir.