Həbsxanada 113 gündür aclıq edən AXCP fəalı 49 kiloqram çəki itirib

Zamin Salayev (Arxiv foto, Mənbə: VOA)

Hazırda Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon şöbəsinin sədri Zamin Salayev 113 gündür aclığı davam etdirir. O yalnız su içir. Salayev ədalət bərpa olunanadək, bəraət alanadək aclığı davam etdirəcəyini deyib.

"Zaminin vəziyyəti olduqca ağırdır. Dünən onunla görüşdüm, bu gün isə telefonla danışmışam. Dünən görüşə əlil apabacında gətirdilər. Zamin tanınmaz vəziyyətdədir. Ayaq üstə dura bilmir, taqətdən düşüb. O 49 kiloqram çəki itirib, çəkisi 69 kiloqramdır (təcridxanaya daxil olanda çəkisi 118 kiloqram olub). Dünən qan təzyiqi 69/45 idi, bu gün 60/40 olub”, Zamin Salayevin həyat yoldaşı Səidə Salayeva bu gün, mayın 30-da telefon danışığından sonra Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, Salayevin saxlanma şəraitindən narazılığı yoxdur.

"Ona daimi həkim nəzarəti var. Gün ərzində sistem köçürülür. Saxlandığı palataya bir nəfər daimi nəzarətçi qoyulub ki, halı pisləşəndə ona kömək etsin", o qeyd edib.

Penitensiar Xidmətin Müalicə Müəssisəsindən Salayevin sağlamlıq durumu ilə bağlı məlumat almaq mümkün olmayıb.

Mayın 22-də Qaradağ Rayon Məhkəməsi hakim Rufan Mürsəlovun sədrliyi ilə Zamin Salayevin 4 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Mayın 29-da məhkəmənin hökmündən apellyasiya şikayəti verilib.

Zamin Salayev fevralın 7-də saxlanılıb. Fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barədə həbs qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb.

Salayev həbsinin sifariş olduğunu hesab edir və məhkəmə qərarına etiraz olaraq 113 gündür aclıq edir.

ABŞ-ın Azərbaycandakı səfirlyi bildirib ki, Əlzamin (Zamin) Salayevin aclıq elan etdiyi barədə məlumatlıdırlar.

"Onun işini yaxından izləməkdə davam edirik. Amerika Birləşmiş Ştatları insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiqdir. Biz hakimiyyəti Azərbaycanın öz Konstitusiyasına və beynəlxalq sazişlərdən irəli gələn öhdəliklərinə uyğun olaraq vətəndaşların hüquqlarının müdafiəsi üçün addımlar atmağa çağırırıq. Birləşmiş Ştatlar Azərbaycan hakimiyyətini insan hüquqlarını və əsas azadlıqlarını həyata keçirdiklərinə görə haqsız və ya özbaşına həbs edilmiş bütün şəxsləri azad etməyə çağırmaqda davam edir", səfirliyin sözçüsü qeyd edib.