Accessibility links

102 gündür həbsdə aclıq edən Zamin Salayevin anası prezidentə müraciət edib


Zamin Salayev
Zamin Salayev

Mayın 19-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan təşkilatının sədri, 102 gündür həbsdə aclıq etdiyi bildirilən Zamin Salayevin anası Şamama Salayeva Prezident İlham Əliyev və Birinci vitse-Prezident Mehriban Əliyevaya müraciət edib və oğlunun azadlığa buraxılmasını istəyib.

Şamama Salayeva müraciətində bildirib ki, oğlunun həyatı təhlükə altındadır, onun ölümünə sayılı günlər qalıb. O, ölkə rəhbərliyindən övladının ölməsinə imkan verməməklərini xahiş edib.

"Məhkəmədə oğlumu ölümcül vəziyyətdə görəndən bu yana nə gecəm var, nə gündüzüm. Hər dəqiqə o ağır xəbəri alacağım qorxusuyla yaşayıram. Bir ana üçün bu sözlə ifadə olunmayacaq qədər ağır əzabdır. Sizdən bir ana olaraq xahiş edirəm, məni bu əzabdan qurtarın. Ciyərim yanır…"

Zamin Salayevin himayəsində yetkinlik yaşına çatmayan övladının olduğunu vurğulayan anası deyir ki, qızı belə, məhkəmədə atasının vəziyyətini görəndən sonra yemək yeyə bilmir:

"Oğlumun yoldaşının, qızının üzünə baxa bilmirəm. Xahiş edirəm, buraxın onu, yarımcan vəziyyətdə də olsa, gəlsin ailəsinin üstünə...".

Dövlət rəsmilərindən, hələlik, müraciətə reaksiya verən olmayıb.

Fevralın 8-də Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunsa, Salayevi 5 ilədək həbs cəzası gözləyir.

Salayev həbsinin sifariş olduğunu hesab edir, məhkəmənin qərarına etiraz olaraq aclığa başlayıb və artıq 102 gündür aclığı davam etdirir.

O, istintaq təcridxanasında komaya düşdükdən sonra Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb.

Mayın 17-də aclıq aksiyasının 100-cü günündə Zamin Salayevin işi üzrə məhkəmə prosesində o, huşunu itirib. Qaradağ Rayon Məhkəməsində iclas dayandırılıb və "təcili yardım" briqadası çağırılıb. Həkimlər Salayevi məhkəmə zalında müayinə etdikdən və ona iynə vurduqdan sonra iclas davam edib.

Prosesdə iki şahid- hadisə yerinin yaxınlığında olan taksi sürücülərinin ifadələri dinlənilib. Ancaq onlar deyiblər ki, hadisə yerində Salayevi görməyiblər.

Digər şahidlərin iki polis əməkdaşı və iki narkotik istfadəçisinin olduğunu deyilir. Zərərçəkən özü prosesdə etiraf edib ki, narkomaniyadan müalicə olunub və əvvəllər mühakimə edilib. O bildirib ki, Salayev onu bıçaqla vurub. Lakin ekspertiza rəy verib ki, ona "dərəcəsini müəyyən etmək mümkün olmayan xəsarət yetirilib".

Ekspertizanın məlumatına görə, istintaqa maddi sübut kimi təqdim edilən bıçaqda Salayevin sol əlinin şəhadət barmağının izləri aşkar edilib. Bu zaman vəkil Fəxrəddin Mehdiyev məhkəmə heyətinə bildirib ki, bıçağı bir barmaqla tutmaq mümkün deyil.

Növbəti iclas mayın 22-nə təyin edilib.

XS
SM
MD
LG