Azərbaycan və Rusiya prezidentləri görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin (Mənbə: Azərbaycan Prezident Administrasiyası)

Mayın 25-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin görüşü olub.

Görüşdə Rusiya-Azərbaycan münasibətlərinin perspektivləri, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələləri diqqət mərkəzində olub.

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Azərbaycan prezidenti ilk dəfə olaraq rəsmi qonaq statusunda Avrasiya İqtisadi Birliyinin toplantısına qatılıb.

"Azərbaycan ilə Avrasiya İqtisadi Birliyinin iştirakçısı olan bütün ölkələr arasında münasibətlərin səviyyəsi və xarakteri ciddi, dərin məna daşıyır. İqtisadi-ticari əlaqələr ardıcıl şəkildə inkişaf edir və bütün xalqlarımız arasında münasibətlərin möhkəmlənməsi istiqamətində irəliləyir. Mən çox istərdim ki, gələcəkdə də belə davam etsin, çünki regional əməkdaşlıq potensialı çox yüksəkdir".

Vladimir Putin deyib ki, Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir.

"Ümumilikdə Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir, həmçinin ardıcıl olaraq, bərabərhüquqlu prinsiplərlə, bir-birinin maraqlarını nəzərə almaqla və 2022-ci ilin fevralında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməyə uyğun şəkildə inkişaf edir", o qeyd edib.

Daha sonra Rusiya prezidenti deyib ki, başqa məsələlər mətbuatın iştirakı olmadan müzakirə olunacaq.

Azərbaycan və Rusiya Prezidentləri Avrasiya İqtisadi Birliyinin iclasında (Mənbə: Azərbaycan Prezident Administrasiyası)

Prezident Əliyev bildirib ki, Azərbaycan və Rusiya münasibətlərini təkcə de-fakto deyil, həm də de-yure müttəfiq kimi səciyyələndirir.

"Bu gün artıq bu münasibətləri müttəfiqlik qismində təkcə de-fakto deyil, həm də de-yure səciyyələndiririk. Siz qeyd etdiyiniz kimi ötən ilin əvvəlində biz Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzaladıq və icra edirik. Bu, bizim münasibətlərimizin ruhunu və xarakterini, ölkələrimizin daha sıx qarşılıqlı əlaqələrə səylərini əks etdirən mühüm siyasi sənəddir".

Əliyev bildirib ki, bugünkü görüşdə regional məsələlərin müzakirəsi də gündəlikdədir.

"Əlbəttə, biz bu gün regional məsələlərdən də danışacağıq. Fürsətdən istifadə edərək, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması işində səylərinə görə Rusiya tərəfinə minnətdarlığımızı bildirmək istərdim. Biz bu səyləri çox yüksək dəyərləndiririk. Bu gün keçiriləcək üçtərəfli görüşdə Sizin iştirakınız da Azərbaycan və Ermənistanın nəhayət sülh razılaşmasına gəlməsinə Rusiya Federasiyasının necə böyük əhəmiyyət verdiyini göstərir. Fikrimcə, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin bu yaxınlardakı bəyanatlarından, eləcə də Azərbaycan Respublikasının sahəsini konkret rəqəmlərlə göstərməklə Azərbaycanın ərazi bütövlüyünün tanınmasından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaq. Çünki bu, başlıca amil idi ki, biz razılığa gələ bilmirdik", o qeyd edib.

O ümid edir ki, bu gün iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində üçtərəfli formatda daha bir addım atılacaq.