Azərbaycan xarici işlər nazirinin müavini ABŞ Konqresi, Dövlət və Müdafiə Departamentlərində görüşlər keçirib

Azərbaycan xarici işlər nazirinin müavini ABŞ-da görüş zamanı (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)

Mayın 17-dən ABŞ-da işgüzar səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun ikitərəfli görüşləri davam edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, mayın 22-24-də Məmmədov ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri Çak Edvards, Pit Seşns, Don Beykon, Madelin Din, Adam Smit, Pol Qosar və Bet van Duyn ilə görüşlər keçirib.

"Görüşlərdə Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, bölgəmizdə gedən proseslər, çağırışlar müzakirə edilib. Həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi və post-münaqişə dövründə işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işləri barədə Konqres üzvlərinə məlumat verilib, ölkəmizin üzləşdiyi mina probleminin hazırda məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün böyük maneə yaratdığı qeyd edilib", məlumatda deyilir.

Nazirlik bildirir ki, səfər çərçivəsində ABŞ Dövlət və Müdafiə Departamentlərində də görüşlər baş tutub.

"Dövlət Departamentində Azərbaycan nümayəndə heyəti ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisinin birinci müavini Stenli Braun, Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson və demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Kara MakDonald ilə görüşüb. Görüşlərdə Azərbaycan-ABŞ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, regional təhlükəsizlik məsələləri, işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi, habelə iki ölkə arasında hərbi-siyasi, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Nümayəndə heyəti ABŞ Müdafiə Departamentində müdafiə katibinin köməkçisinin Rusiya, Ukrayna və Avrasiya üzrə müavini Laura Kuper ilə görüşüb. Tərəflər iki ölkə arasında müdafiə, hərbi təlim və tədris, habelə Oklahoma Milli Qvardiyası ilə ölkəmizin hərbi qurumları arasında əməkdaşlığın inkişafı perspektivi ətrafında müzakirə aparıb. Azərbaycanla-ABŞ arasında müdafiə, o cümlədən regional və qlobal terrorçuluqla mübarizə sahəsində mövcud əməkdaşlıqdan məmnunluq ifadə olunub", məlumatda qeyd edilir.

Nümayəndə heyətinin ABŞ-a səfəri çərçivəsində nazir müavini Məmmədov və ABŞ-ın aparıcı tədqiqat qurumları olan Atlantik Şura, İrs Fondu, Beynəlxalq Sülh Naminə Karnegi Fondu, ABŞ Sülh İnstitutu, ABŞ Hərbi Dəniz Qüvvələri Ali Məktəbi, Yaxın Şərq üzrə Vaşinqton İnstitutu və Hadson İnstitutunun nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.

Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin Amerika-İsrail İctimaiyyətlə Əlaqələr Komitəsinin (AIPAC) rəhbər heyəti ilə görüş keçirib.

"Görüş zamanı Azərbaycan və ABŞ arasında enerji sahəsində əməkdaşlıq, o cümlədən, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, post-münaqişə dövründə regionda baş verən proseslər, eləcə də, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində aparılan danışıqlar və Azərbaycan-İsrail strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb", Xarici İşlər Nazirliyinin məlumatında deyilir.