NATO və Azərbaycan arasında yeni Daimi Nümayəndələrin Müavinləri Komitəsi formatında (DNMK) enerji təhlükəsizliyi dialoqu keçirilir.
Bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə Twitter hesabında yazıb.
“NATO ilə Azərbaycan arasında enerji təhlükəsizliyi üzrə Daimi Nümayəndələrin Müavinləri Komitəsinin yeni formatı üzrə dialoq başlayıb. Bu dialoq çərçivəsində Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov NATO-nun qərargahında səfərdədir. Cənab Soltanov həm NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi və NATO-nun Enerji Təhlükəsizliyi şöbəsinin rəhbəri Maykl Ruhle ilə həm də Daimi Nümayəndələrin Müavinləri Komitəsi (Deputy Permanent Representatives Committee) formatında müttəfiqlərlə görüşlər keçirəcək”, Cəfər Hüseynzadə qeyd edib.
Azərbaycan-NATO əlaqələri
Azərbaycanın NATO ilə əlaqələri 1992-ci ildən başlayıb. Azərbaycan 1992-ci ilin martında əməkdaşlıq və məsləhətləşmələr üçün forum rolunu oynayan Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulub.
1994-cü il 3-4 mayda Azərbaycanın mərhum prezidenti Heydər Əliyev NATO-nun Brüsseldəki mənzil qərargahında NATO Sülh naminə tərəfdaşlıq proqramının Çərçivə sənədini imzalayıb.
1997-ci ilin noyabr ayının 14-də prezident Heydər Əliyev Azərbaycanın NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında sərəncam imzalayıb.
Azərbaycanın 2004-cü ildə NATO-nun Fərdi Tərəfdaşlıq Əməliyyat Planına (FTƏP) qoşulub.
Azərbaycan Respublikası və Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) arasında hərbi əməkdaşlıq da davam etdirilir.
Azərbaycan Müdafiə Nazirliyi NATO ilə əməkdaşlıq çərçivəsində Sülh Naminə Tərəfdaşlıq Proqramı, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Planlaşdırma və Analiz Prosesi, Əməliyyat İmkanları Konsepsiyası, Tərəfdaşlığın Qərargah Vəzifələri, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı, Sülh Naminə Elm Proqramı və NATO-nun digər əhəmiyyətli tərəfdaşlıq mexanizmlərindən istifadə edir.