İran Azərbaycanının Urmiyə şəhərində həbs edilən güneyli bloger Rza Purcəfər girov müqabilində müvəqqəti olaraq sərbəst buraxılıb.
Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin sosial mediada yaydığı xəbərlərə görə, İranda məktəbli qızların zəhərlənməsi ilə əlaqədar tənqidi məzmunlar paylaşdığından sonra Qərbi Azərbaycan vilayətinin Urmiyə şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən Rza Purcəfər girov qarşılığında müvəqqəti azadlığa buraxılıb.
Humanrightsiniran saytında dərc olunan məlumata görə, may ayının 18-də Urmiyə Mərkəzi Həbsxanasından sərbəst buraxılan bu blogerə qarşı irəli sürülən ittihamlar, habelə mülki zəmanətin məbləği haqqında indilik heç bir məlumat yayılmayıb.
Güneyli bloger və aktyor Rza Purcəfər mart ayında İran hökümətinin təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınmışdı.
SEE ALSO: Urmiyədə türk bloqer Rza Purcəfər həbs edilibSosial media, xüsusilə də 705 min nəfərdən çox izləyicisi olan Instagram hesabi ilə İranda məşhur olan Purcəfərin Instagaram hesabı həbs edildikdən sonra silinib.
İranın Hamshahrionline adlı xəbər saytı Rza Purcəfərin həbs edilməsindən sonra bloger barəsində məlumat yayaraq, onun Instagram səhifəsində qız şagirdlərin zəhərlənməsi barədə “şayiələr yaymaq və gərginlik yaratmaq” ittihamı ilə həbs edildiyini qeyd etmişdi.
Ölkədə məktəbli qızların zəhərlənməsi ilə əlaqədar heç bir aydın məlumat yayılmaması ilə bərabər ölkədə bu vəziyyətə etiraz edən bir çox vətəndaş, o cümlədən üniversitet tələbələri və mədəni fəallar təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıblar.