Accessibility links

Urmiyə və Ərdəbil şəhərlərində məktəbli qızların zəhərlənmə halları davam edir


Ərdəbildə Baharan adlı məktəb
Ərdəbildə Baharan adlı məktəb

Aprelin 18-də İran Azərbaycanının Urmiyə və Ərdəbil şəhərlərində məktəbli qızlar yenidən zəhərlənib.

Sosila mediada yayılan xəbərlərə görə, aprelin 18-də Urmiyədə Şafii və Hədəf, Ərdəbildə isə Baharan məktəbinin qız şagirdləri zəhərlənib. Bu məktəblərdən bir neçə şagird təngnəfəslik və halsızlıq səbəbindən təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Yayımlanan məlumata görə, bu şəhərlərlə eyni vaxtda Kərəc, Tehran, Kirmanşah və Saqqız şəhərlərində də məktəbli qızların zəhərləndiyi bildirilir.

Sosial mediada yayılan və vətəndaşlar tərəfindən lentə alınan görüntülərdə məktəblərin qarşısında təcili yardım maşınları və şagirdlərin valideynləri, təcili yardım işçilərinin isə ağır vəziyyətdə olan şagirdlərə kömək etdiyi müşahidə olunur.

Bu gün, aprelin 19-da sosial mediada yayılan video-görüntülərdə Urmiyədə iki məktəbin şagirdlərinin zəhərləndiyi bildirilir.

Ölkənin müxtəlif şəhərlərindəki qız məktəblərində zəhərlənmələrin sayı xeyli artıb və son günlər İranın rəsmi mətbuatında bu hadisələrlə bağlı xəbərlər ölkədə şagird zəhərlənməsi xəbərini əks etdirmir. Bu məktəblərdə zəhərlənən şagirdlərin sayı barədə rəsmi məlumat yoxdur.

İran parlamentinin Təhsil Komissiyasının üzvü Əhməd Hüseyn Fəllahi İran mediası ilə söhbətində təhlükəsizlik qurumlarını tənqid edərək bildirib ki, “bu qurumlar bu məsələ ilə çox səthi məşğul olurlar və bu hadisələr hakimiyyət üçün yaxşı nəticələrə gətirib çıxarmaya bilər”.

Həmçinin İranın səhiyyə naziri Bəhram Eynullahi verdiyi son açıqlamada “tələbələrin zəhərlənməsinə dair güclü dəlil olmadığını” bildirib və zəhərlənmə yerinə “halsızlıq” kəlməsini işlədib.

İranın səhiyyə naziri, həmçinin deyib: “Bizim hesabat göstərir ki, məktəblilərin 90%-dən çoxunda heç bir zəhərlənmə yoxdur və heç bir zəhər yoxdur və problem yoxdur, sadəcə bunlar daha çox qayğı və stressdən yaranır”.

XS
SM
MD
LG