Urmiyə sakini olan türk bloqer Rza Purcəfər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum yerə aparılıb.
Bu barədə insan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi məlumat yayıb.
Instagram sosial şəbəkəsində 705 mindən çox izləyicisi olan türk bloger həbs edilib və səhifəsindəki bütün paylaşımlar silinib.
İranda insan haqları saytı onu sənətçi və aktyor kimi təqdim edib və bildirib ki, onun harada olması, ittihamları və məhkəmə prosesi ilə bağlı heç bir məlumat yoxdur.
"Hamshahrionline" xəbər saytı blogerin Instagramda İranda məktəb şagirdlərinin zəhərlənməsi ilə bağlı “şayiələr yaymaq və gərginlik yaratmaq”la əlaqədar həbs edildiyi barədə məlumat yayıb.
Həmin sayt blogerin səhifəsində paylaşılan iki hekayənin surətini də paylaşıb. Bir hekayəsində “Ana, nəfəs ala bilmirəm”, digər hekayəsində isə “Uşaqlarımız müharibə görmədi, amma kimyəvi hücumu daddılar, bu cümlə necə də acıdır” yazılıb.
Tasnim xəbər agentliyi də şagirdlərin zəhərlənməsi ilə əlaqədar paylaşım edən Urmiyəli blogerin həbs edilmə xəbərini yayıb və onun səhifəsindəki bütün paylaşımların silindiyini bildirib.
İranda təhlükəsizlik qüvvələri İnstagramda məşhur olan insanları hökuməti tənqid etdikləri üçün həbs edərək, həmin şəxslərdən səhifə parollarını alıb, hazırladıqları paylaşımları silirlər.
Həmin saxlanılan şəxslərin Instaqram səhifəsində post olaraq və ya səhifəsinin profil şəklinə "Bu səhifə kriminal təhlükəsizlik məzmunu paylaşımına görə bloklanıb və günahkar şəxs ilə bağlı cəza tədbirləri görülüb" cümləsi yerləşdirilir.
İranda şagirdlərin zəhərlənməsi ciddi problemə çevrilib. Belə ki, bəzi ailələr məktəblərdə təhlükəsizlik qurulana qədər uşaqlarını məktəbə göndərmək istəmirlər.
İslam Respublikasının hakimiyyət orqanları hələ ki, məktəblərdə bu kimyəvi hücumları həyata keçirən şəxslərin kim olduqları barədə aydınlıq gətirməyib.
Bununla belə, ölkədəki bəzi müxalif siyasi fəallar, o cümlədən Moləvi Əbdül-Həmid və Mirhüseyn Musəvinin həyat yoldaşı Zəhra Rəhnəvərd məktəblərə zəhərli qazlarla hücumlarda hökumətin günahkar olduğunu irəli sürüb.