Martın 7-də İran Azərbaycanının müxtəlif şəhərlərində İranın digər şəhərləri ilə eyni vaxtda müəllimlər və şagirdlərin valideynləri Təhsil İdarəslərinin binaları qarşısında etiraz aksiyası keçiriblər.
Sosial mediada yayımlanan məlumata görə, Culfa, Ərdəbil, Zəncan, Qəzvin və Həmədan şəhərlərində etiraz aksiyaları keçirilib.
Bir neçə gün əvvəl müəllimlər həmkarlar ittifaqı fəalları sosial media səhifələrində İranın müxtəlif şəhərlərində məktəblərdə qız şagirdlərin zəhərlənməsinin geniş vüsət almasına etiraz olaraq müəllimləri aksiya keçirməyə çağırıblar.
Müəllimlər həmkarlar ittifaqı fəallarının etiraz aksiyasına dəvət bəyanatlarında müəllimlərin tələbləri və ağır məişət şəraiti mitinqin keçirilməsinin digər səbəbləri kimi qeyd olunub.
Həmin etirazların keçirilməsinə İran Azərbaycanının 4 siyasi qurumu da bəyanat yayımlayaraq, İran Azərbaycanında müəllimlərin aksiya keçirməsinə dəstək verdiyini bildirmişdi.
Şərqi Azərbaycan vilayətinin Culfa şəhərində müəllimlər bu şəhərin Təhsil İdarəsi qarşısına toplaşaraq, ölkə məktəblərində şagirdlərin zəhərlənməsi hadisələrinə etiraz ediblər. Etiraz edən müəllimlər əllərində plakatlarla tələbələri dəstəklədiklərini bildiriblər. Bu plakatlarda "Tələbələr bizim qırmızı xəttimizdir", "Tələbələrimizi tək qoymayacağıq", "Tələbələri zəhərləmək böyük cinayətdir", "Tələbələri zəhərləməyə son qoyun" kimi şüarlar yazılıb.
Azərbaycanın digər şəhərlərində, o cümlədən Ərdəbildə də müəllimlər etiraz aksiyası keçiriblər. Ərdəbildə keçirilən aksiyadan sosial mediada yayımlanan video-görüntülərdə müəllimlərin "məktəblərin təhlükəsizliyi bizim haqqımızdır" şüarı səsləndirdikləri müşahid olunur.
Ölkə boyu müəllimlərin etiraz aksiyaları ilə eyni vaxtda Təbriz Tibb Elmləri Universitetinin tələbələri də məktəblərdə müəllimlərin etirazlarına dəstək olaraq keçiriblər.
Müəllimlər və şagirdlərin valideynləri həmin mitinqlərdə qızların məktəblərinə zəhərləyici qazla hücumlar həyata keçirənlərin tezliklə müəyyən edilərək mühakimə olunmasını tələb edib.