Ombudsmanın nümayəndələri işgəncələrə məruz qaldığını bildirən Abbas Hüseynlə görüşüb

Abbas Hüseyn (Fotonu Amerikanın Səsinə Abbas Hüseynin ailəsi təqdim edib)

Mayın 18-də Ombudsman Aparatının Preventiv Qrupunun üzvləri bir neçə gün öncə həyatının təhlükədə olduğunu bildirən Müsəlman Birliyi Hərəkatının həbsdə olan fəalı Abbas Hüseynlə görüşüb.

Abbas Hüseyn sosial şəbəkələrdə yayılan audio müraciətində saxlanıldığı 1 saylı Cəzaçəkmə müəssisəsində həyatına hər an təhlükə olduğunu bildirirdi.

Aprelin 27-də 1 saylı Cəzaçəkmə müəssisəsinin rəhbərinin təqdimatı əsasında Bakının Nizami Rayon Məhkəməsi Abbas Hüseynin 1 il müddətinə Qobustan qapalı həbsxanasına köçürülməsi barədə qərar qəbul edib. Abbas Hüseynin müdafiəçiləri məhkəmənin qərarından apellyasiya şikayəti verib. Mayın 24-də Bakı Apellyasiya Məhkəməsi şikayətə baxacaq. Bu səbəbdən o mayın 18-də 1 saylı Bakı İstintaq Təcridxansına köçürülüb.

Ombudsman Aparatının Mətbuat xidmətindən Amerikanın Səsinə deyiblər ki, Preventiv Qrupun üzvləri konfidensial şəraitdə Abbas Hüseyni dinləyib.

“Azərbaycanın İnsan hüquqları üzrə müəvkkili, ombudsman Səbinə Əliyevanın milli preventiv mexanizmi fəaliyyəti nəticəsində ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən 1 saylı Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilıb. Başçəkmənin məqsədi saxlanma şəraitinin, rəftar məsələlərinin və mövcud vəziyyətin araşdırılması olub. Başçəkmə zamanı Abbas Hüsenlə də konfidensial şəkildə görüş keçirilib, onun müraciətləri dinlənilib. Abbas Hüseynin müraciətləri üzrə araşdırmanın nəticələrinə uyğun olaraq tədbirlər görülür”, Mətbuat xidmətinin rəhbəri Emil Şahzadə Amerikanın Səsinə deyib.

Öz növbəsində Abbas Hüseynin anası Rəhimə Hüseynova Amerikanın Səsinə bildirib ki, ombudsmanın 3 nəfər nümayəndəsi mayın 18-də oğlu ilə görüşüb.

“Abbas 1 saylı Cəzaçəkmə Müəssisəsində 10 gün idi qidadan imtina edirdi. Amma dünən 1 saylı Bakı İstintaq Təcridxanasına köçürüldükdən sonra qidalanmağa başlayıb. Ombudsmanın nümayənədləri görüşdən sonra bildirib ki, onunla daha bir görüş keçirəcəklər. Abbasın ciddi müalicəyə ehtityacı var. Onun işgəncə nəticəsində baş və qabırğa nahiyyələrində ciddi zədələr var, ayaqları şişdir”, ana qeyd edib.

Mayın 16-da sosial şəbəkələrdə dövlət qeydiyyatında olmayan Müsəlman Birliyi Hərəkatının həbsdə olan fəalı Abbas Hüseynə aid olduğu bildirilən səs yazısı yayılıb. Səs yazısında özünü Abbas Hüseyn kimi təqdim edən şəxs hər an onu ölüm təhlükəsi gözlədiyini bildirib.

Abbas Hüseynə aid olduğu bildirilən səs yazısında ağır işgəncələr təsvir edilib.

“Əllərim arxadan qandallanıb yerə yıxılıb döyülmüşəm. Qollarım dəmir koykaya (çarpayı-red) bağlanıb işgəncələrlə döyülmüşəm. Baş vermis qanunsuzluqlardan şikayət etmək üçün bir yol açılsın deyə hələ 7 saylı Cəzaçəkmə müəssisəsində olarkən şikayət etmək tələbi ilə fevral ayında 11 gün su içməkdən imtina edərək aclıq aksiyası etmişəm. Çox çətinliklə şikayətlərimi lazım olan ünvanlara və şəxlərə göndərsəm də baş vermis cinayət hallarına etinasız yanaşıblar”, səs yazısında qeyd edilir.

Səs yazısnda ölkənin “vicdanlı dövlət işçilərinə, vətənini, millətini sevən azad söz sahiblərinə, haqqı bilib qoruyanlara, cəmiyyətin tanınmış siyasət adamlarına, özlərini müstəqil bilən hüquq müdafiəçilərinə, Ombudsmana” bu məsələlərə biganə qalmaması üçün müraciət edilir.

Abbas Hüseynin anası Rəhimə Hüseynova oğluna qarşı işgəncələrlə bağlı danışarkən deyib ki, ötən il noyabrın 26-da oğlunun karantin müddəti başa çatıb.

"Karantindən gətirdilər 7 saylı Cəzaçəkmə müəssisəsinə, orada ona işgəncə verdilər. Oradan aparıblar Penitensiar Xidmətin Müalicə müəssisəsinə. Bu il martın 14-də Müalicə müəssisəsində oğlumu gördüm, ancaq onu tanımadım. Orada bir az müalicə aldı düzəldi. Sonra orada da döydülər. Buradan da 1 saylı Cəzaçəkmə müəssisəsinə gətirdilər. İndi 1 saylı Cəzaçəkmə müəssisəsində dustaqları onun üstünə qaldırırlar. Orada karsda (Cərimə təcridxanasında) saxlayırlar. Apardığım yeməkləri də o yemir. Onun yanında 11-12 nəfər olur. Həmin dustaqları bunun üstünə qaldırırlar. İndi yenə karsa salıblar”, o deyib.

“Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadə, Abbas Hüseyn və digər dindarlar 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyinin Nardaran qəsəbəsində keçirdiyi xüsusi əməliyyat zamanı həbs edilib. Saxlanılan şəxsləri Bağırzadənin təşkil etdiyi cinayətkar qrupda iştirakda ittiham ediblər. Onlar Cinayət Məcəlləsinin terrorizm, qanunsuz silah saxlamaq, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd, polisə müqavimət və başqa maddələrilə günahkar bilinərək 12 ildən 20 ilədək həbsə məhkum ediliblər. Abbas Hüseyn 20 il azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçiləri Abbas Hüseyn və onunla həbsdə olan digər fəalları siyasi məhbus kimi tanıyıb. Onların bir çoxu əfv edilib, bəzilərinin həbs müddəti başa çatıb. Hazırda Nardaran hadisələri ilə bağlı həbsə məhkum edilən fəallardan yalnız 5 nəfəri həbsdədir.

Vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə bildirib ki, Qobustan həbsxanasına köçürülmə məhbusun şəxsi mülahizələrlə cəzalandırılma formasıdır.

“Məhkəmə 1 saylı Cəzaçəkmə müəssisəsinin rəhbərinin təqdimatı əsasında Abbas Hüseynin Qobustan qapalı həbsxanasına göndərilməsi barədə qərarı intizam təbiri kimi qəbul edib. Ona cəzaçəkmə müəssisəsini dəyişmək və karserə yerləşdirmək yolu ilə də təzyiq göstərilir. Əvvəllər o 7 saylı Cəzaçəkmə müəssisəsində təzyiqlərə məruz qalıb. Şikayətlərimə baxmayaraq işgəncə faktı araşdırılmayıb. Hesab edirəm ki, indi 1 saylı Cəzaçəkmə müəssisəsinin rəhbərliyinin Abbas Hüseynə qarşı münasibəti qərəzlidir və təzyiq xarakteri daşıyır”, vəkil Amerikanın Səsinə deyib.

Penitensiar Xidmətdən Amerikanın Səsinin sorğusuna cavadba bildirblər ki, Abbas Hüseynin müraciəti ilə bağlı Penitensiar Xidmətin cavabı olmayacaq.

Baş Prokurorluğun Mətbuat xidməti Amerikanın Səsinin işgəncə ilə bağlı deyilənlərin araşdırılıb-araşdırılmaması ilə bağlı sorğusuna hələ cavab verməyib.