Mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri üzrə səsvermə keçirlir. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb.
Prezidentlik uğrunda 3 namizəd mübarizə aparır. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.
“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.
“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.
“Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.
Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.
Türkiyədəki seçkilər Azərbaycan mediasında, sosial şəbəkələrdə, ictimaiyyət arasında əsas müzakirə mövzularından biridir. İctimaiyyət Türkiyədə keçirilən seçkilərin Azərbaycana ciddi geopolitik, siyasi-iqtisadi təsirlərinin olacağını düşünür.
Real Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli bildirib ki, Azərbyacan cəmiyyətində Türkiyə seçkilərinə “azarkeşlik var, amma prosesləri dərindən analiz etmək məsələsi hələ ki, yoxdur”.
“Azərbaycan iqtidar nümayəndələri çox səhv yanaşma ilə seçkilərdə tərəf oldu, bununla da Dövlət ərkanına yaraşan təmkinli davranış qaydalarını pozdular – “Türkiyə ilə qardaşlığımız AKP-dən, Ərdoğandan asılıdır” tezisini yaymağa başladılar. Təbii ki, Ərdoğana bizim xalq olaraq bir minnət borcumuz var – 44 günlük savaş zamanı, ondan öncəki və sonrakı diplomatik həmlələrdə Ərdoğanın dəstəyi əvəzsizdir, unutmaq olmaz, hətta bu gün baş tutan seçkilərin nəticələrindən asılı olmayaraq Ərdoğanın adının gələcəkdə Bakıda prospektlərin birinə verilməsi, əbədiləşdirilməsi doğru olardı. Amma bizim hökumətin yanlışı ondadır ki, dövlətlərarası onilliklərə yayılmalı olan münasibətləri şəxslərə indeksləşdirir – doğru deyil, lap Ərdoğan seçkidə qalib gəldi, amma fani dünyadır, hamımızın sonu var, bəs Ərdoğan həyatdan köçəndən sonra Türkiyə - Azərbaycan münasibətləri bitəcəkmi, zəifləyəcəkmi?! Təbii ki, yox, belə olmayacaq – olmamamlıdır”, o Facebook səhifəsində yazıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli hesab edir ki, Türkiyə seçkiləri gerçək rəqabətin necə olduğunu nümayiş etdirdi.
“Siyasətin burada (Azərbaycanda-red) iddia olunduğu kimi pis bir iş olmadığını, tam əksinə xalqa xidmət peşəsi olduğunu göstərdi. Azad mətbuatın, azad seçkinin, azad rəqabətin varlığından ilk növbədə sadə insanların bəhrələndiyini isbat etdi. Böyük bir coğrafiyanın türk və müsəlman əhalisindən ötrü hələ də rol model ola bildiyini göstərdi. Ən böyük, məğlubedilməz gücün xalq olduğunu yadımıza saldığın üçün sağ ol. Tək bir umacağımız var. Bu demokratiya şöləni sonadək müdaxiləsiz davam etməlidir. İnanıram ki, demokratik, sərt rəqabətli seçkilər qardaş ölkənin demokratiyasını daha yüksək səviyyəyə qaldıracaq. Yeni iqtidarı da Türkiyə xalqının iradəsi müəyyənləşdirəcək. Türkiyə üçün xeyirli, uğurlu olsun” o qeyd edib.
Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, seçkilər Türkiyənin bütün İslam dünyasında ən demokratik dövlət olduğunu, bəzi məqamlarda, xüsusilə cəmiyyətin siyasi fəallığına görə hətta bəzi Avropa ölkələrindən geri qalmadığını təsdiq etdi.
“Ümid edirik, inanırıq ki, seçki günü və seçkidən sonrakı günlərdə bəzi qüsurlara baxmayaraq əsasən azad siyasi rəqabət şəraitində keçən seçkilərə kölgə salacaq hər hansı olaylar baş verməyəcək. Seçki kampaniyası dövrünə aid bəzi nüanslara baxmayaraq hər kəs bilməli və nəzərə almalıdır ki, Türkiyə-Azərbaycan dostluğu seçkilərin istənilən nəticələrindən asılı olmayaraq yenə davam edəcək. Çünki bu dostluq ayrı-ayrı siyasi liderlərin, dövlət xadimlərinin, hətta hökümətlərin qarşılıqlı münasibətlərinə deyil, dövlətlərarası, xalqlararası dostluq münasibətlərinə əsaslanır. Bizim üçün ən vacib məsələ isə Türkiyədəki seçkilərin demokratikliyinin təmin edilməsi, xalqın iradəsinə əsaslanan hakimiyyət strukturlarının formalaşmasıdır. Əgər seçkilərin nəticələrinə haram qatılmasa hər şey çox gözəl olacaq”, o, Facebook səhifəsində qeyd edib.
Yeni Azərbaycan Partiyasının parlament koordinatoru Hikmət Babaoğlu yerli mediaya bildirib ki, “bu gün türk xalqı özünün ən yeni tarixinin mühüm və strateji imtahanını verməyə hazırlaşır”.
“Bu imtahanın nəticəsi həm güclü və qüdrətli Türkiyənin daha da güclənməsi və inkişafı həm də Türkiyəni bölmək istəyənlərin, onu Ərdoğan hakimiyyətinə qədərki siyasi xaosa, siyasi istiqrarsızlığa sürükləmək istəyənlərin arzularının gerçəkləşməsi ola bilər. Yəni qısacası, bu tarix Türkiyə Cümhuriyyətinin 21-ci əsrdə yenidən elan edilməsi qədər əhəmiyyətlidir. Ona görə də inanırıq ki, müdrik Türk xalqı düzgün qərar verərək qardaş Türkiyəmizi, xınalı Türkümüzü yeni yüzilliklərə daşıyacaq milli iradə nümayiş etdirməyi bacaracaq. Yolun açıq olsun Türkiyəm. Bütün türk dünyasının gələcəyi sənin uğurlarına, inkişafına, gücünə və qüdrətinə bağlıdır”, o bildirib.