Accessibility links

Türkiyə prezidenti səhhətindəki problemə görə seçki kampaniyasını qısa müddətə ləğv edib


Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan mədəsində şikayətlə bağlı televiziya müsahibəsini qısa müddətə təxirə salmaq məcburiyyətində qaldıqdan bir gün sonra istirahət etmək üçün çərşənbə gününə təyin edilmiş seçki kampaniyasını da ləğv etdiyini bildirib.

Çərşənbə axşamı axşam saatlarında Türkiyənin Ülke TVKanal-7 televiziya kanallarının canlı efirində Ərdoğanla keçirilən müsahibə zamanı proqram qəflətən dayandırılıb. Təxminən 20 dəqiqə sonra müsahibə davam etdiriləndə 69 yaşlı Ərdoğan təşviqat kampaniyası zamanı ciddi "mədə qripi" olduğunu deyib və fasiləyə görə üzr istəyib.

Çərşənbə günü Kırıkkale, Yozqat və Sivas şəhərlərində silsilə çıxışlar etməsi planlaşdırılan prezident Twitter səhifəsində həkimlərinin məsləhəti ilə evdə qalacağını və tədbirlərdə onu vitse-prezident Fuat Oktayın təmsil edəcəyini bəyan edib.

Çərşənbə günü hakim partiyanın sədr müavini Erkan Kandemir Ərdoğanın cümə axşamı Mersin şəhərində keçirilməsi planlaşdırılan tədbiri də ləğv etdiyini, lakin Türkiyənin ilk atom elektrik stansiyasının işə salınması ilə bağlı mərasimdə video vasitəsilə iştirak edəcəyini deyib.

Türkiyə rəsmiləri Ərdoğanın ağır xəstələndiyi və xəstəxanaya yerləşdirildiyi ilə bağlı internetdə yayılan xəbərləri təkzib edib.

"Prezidentin (Ərdoğan) səhhəti ilə bağlı bu cür əsassız iddiaları qəti şəkildə rədd edirik" - deyə, prezidentin kommunikasiyalar üzrə direktoru Fahrettin Altun Tvitter hesabında yazıb.

İqtidar partiyasının digər yüksək səviyyəli üzvü Ömər Çelik "Prezidentimiz vəzifəsinin başındadır. Qısa bir istirahətdən sonra proqramına davam edəcək" yazıb.

Üçüncü müddətə prezident seçilmək istəyən Ərdoğan mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri ərəfəsində ciddi kampaniya aparır. Bəzən o, gündə üç və ya daha çox tədbirə qatılır.

XS
SM
MD
LG