Azərbaycan qazının Avropa İttifaqı məkanına ixracının artırılması müzakirə olunub

İlham Əliyev və Maroş Şefçoviç (Rəsmi foto)

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə mayın 13-də Belçika Krallığına işgüzar səfərə gedib. Səfər çərçivəsində Azərbaycandan Avropa İttifaqı ölkələrinə qaz ixracı məsələləri diqqət mərkəzində olub.

Bununla yanaşı Prezident Əliyevin Brüssel səfərinin əsas məqsədi Azərbaycan və Ermənistan arasında sülh məsələlərinin müzakirəsidir. Mayın 14-də Avropa Şurası Komissiyasının prezidenti Şarl Mişel Prezident Əliyevlə təkbətək formatada görüşəcək. Daha sonra Avropa Şurası Komissiyasının prezidenti, Azərbaycan Prezidenti və Ermənistan Baş naziri üştərəfli formatda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələlərini müzakirə edəcək.

Mayın 13-də Prezident Mişel Ermənistan Baş naziri Nikol Paşinyanla da təkbətək formatda görüşüb.

Azərbaycan Prezidenti səfər çərçivəsində mayın 13-də Brüsseldə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç ilə görüşüb.

Azərbaycan Prezidentinin rəsmi internet saytının məlumatına görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

“Azərbaycan qazının Avropa İttifaqı məkanına ixracının artırılması prosesinin uğurla icra olunduğu və bu xüsusda aprel ayında Sofiyada imzalanan Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb. Azərbaycan qazının Avropa məkanında daha geniş coğrafiyanı əhatə etməsinin önəmi qeyd olunub. Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında bərpaolunan enerji istehsalı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib, bu sahənin böyük perspektivlərə malik olduğu bildirilib,” məlumatda qeyd edilib.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlığın uğurla davam etdiyi vurğulanıb.