Azərbaycan Prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb.
Sərəncama əsasən 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.
Hüquq müdafiəçiləri sərəncamın ölkədə siyasi və vicdan məhbusu problemini həll etmədiyini bildirir. Onların dediyinə görə, siyasi məhbus kimi tanıdıqları 182 nəfərdən yalnız 2 nəfərin adı əfv olunanların siyahısına daxil edilib.
Rüfət Səfərov: Siyasi məhbusların əvəzinə korrupsiya cinayəti ilə həbs edilənlər azadlığa buraxılıb
"Bu əfv sərəncamı hüquq-müdafiə təşkilatlarının gözləntilərini doğrultmadı. Ölkədə siyasi məhbus probleminin həlli yalnız müstəqil məhkəmə, hüquq sisteminin yaranması ilə mümkündür", "Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə deyib.
Your browser doesn’t support HTML5
"Biz dövlət başçısı İlham Əliyevə müraciət etmişdik. Açığı ümidim var idi ki, ən azı 10 may ərəfəsində imzalancaq əfv sərəncamı ilə cəza evlərində siyasi və vicdan məhbuslarının sayı xeyli azalacaq. Əfv sərəncamı mərhum dövlət başçısı Heydər Əliyevin 100 illiyinə təsadüf edir. Eyni zamanda bilirik ki, Heydər Əliyev hazırkı hakimiyyət, Yeni Azərbaycan Partiayası, eyni zamanda dövlət başçısı İlham Əliyev üçün hansı dəyər daşıyıcısıdır. Amma əfv edilənlərin siyahıslına baxdıqda görürəm ki, keçmiş OMON-çuların (Xüsusi Təyinatlı Milis Dəstəsi-red) Elçin Əmiraslanov başda olmaqla, cəbhəçilərin (Xalq Cəbhəsi Partiyası-red) Niyaməddin Əhmədovun, hüquq müdafiəçisi, "Tərtər işi" üzrə araşdırmaçı jurnalist Abid Qafarovun, İlham Aslanoğlunun, blogerlərin, jurnalistlərin, Polad Aslaniovun adı yoxdur. Son siyahıya görə 180-dən çox siyasi məhbus var. Bu zəmində cəmi iki siyasi məhbus əfv edilib", o qeyd edib.
Görünür ki, siyasi güc mərkəzləri, beynəlxalq təşkilatlar rəsmi Bakı ilə danışıqlarda, pərdəarxası dialoqlarda siysasi məhbus məsələsinə prioritet kimi baxmır.Rüfət Səfərov, hüquq müdafiəçisi
Hüquq müdafiəçisi eyni zamanda deyib ki, siyasi məhbusların əvəzində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin iki zabiti azadlığa qovuşacaq.
"Hansı ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyi Azərbaycanda milli təhlükəsizlikdən başqa hər şeylə məşğul olmuşdu. Bu şəxslərin ağır cinayət törətməsi məhkəmələrdə təsdiq olundu və ictimaiyyətdə də onların ağır cinayətlər törətməsi şübhə doğurmur. Korrupsiya cinayətlərində ittiham olunan mədəniyyət nazirnin keçmiş müavini azad edildi".
Səfərov deyib ki, hakimiyyətin hüquq siyasəti ilə məşğul olan şəxslərinin yanaşmalarını anlaya bilmir.
"Bu hüquq siyasətini, hüquqi yanaşmanı başa düşə bilmirəm. Çox təəssüf ki, bizim gözləntilərimiz suya düşdü", o qeyd edib.
Hüquq müdafiəçisi hesab edir ki, Azərbaycanda insan hüquqlarının durumuna beynəlxalq yanaşmalarda da nöqsanlar var.
"Görünür ki, siyasi güc mərkəzləri, beynəlxalq təşkilatlar rəsmi Bakı ilə danışıqlarda, pərdəarxası dialoqlarda siysasi məhbus məsələsinə prioritet kimi baxmır. Bilmirəm burada geopolitik durum və ya digər faktorlar rol oynayır. Yerli və beynəlxalq ictimaiyyət Azərbaycanda siyasi təqiblərdən sanki narahat deyil. Hakmiyyət isə kimi nə vaxt tutması, kimi nə vaxt azadlığa buraxması, kimləri əfv sərəncamının təsir dairəsinə salması barədə özü qərar verir. Abid Qafarov kimi günahı olmayan, vicdan məhbusu, hansı ki cəza müddətinin vaxtına bir aydan da az qalıb, onu əfv etmirlər. Elçin Əmiraslanov və daha iki nəfər ömürlük həbsə məhkum edilmiş şəxs artıq 27 ildir həbsdədri. Ola bilər, vaxtı ilə günahları olub. Amma bunlar beynəlxalq və yerli təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınıb. Hətta 27 il həbsdə olan bu şəxslərə qarşı belə humanizm nümayiş etdirilmədi".
Hüquq müdafiəçisi hesab edir ki, ölkədə məhkəmələr, istintaq və hüquq sistemi müstəüqil omayınca siyasi və vicdan məhbusu problemi qalacaq.
"Bu əfv sərəncamı bir daha sübut etdi ki, Azərbaycan hələ siyasi və hüquq islahatlarına hazır deyil", Səfərov deyib.
Elşən Həsənov: Siyasi elitadan təşkil olunan Əfv komissiyası siyasi məhbusları əfv etməz
Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov Amerikanın Səsinə deyib ki, əfv siyahısına siyasi məhbus kimi tanınan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev və hüquq müdafiəçisi Elçin Məmmədin adı daxil edilib.
Your browser doesn’t support HTML5
"Siyasi məhbus siyahısında jurnalistlər, blogerlər, çoxsaylı dindarlar var. Hüquq müdafiəçilərini və ictimaiyyəti ən çox narahat edən ömürlük həbsə məhkum edilənlərdir. Onlardan cəmi 11 nəfər qalıb. Hansı ki, 20 ildən çoxdur həbsdədirlər. Hər il bir-iki nəfəri dünyasını dəyişir. Bu il də bir nəfər vəfat edib. Bu məhkumların heç biri daxili inrtizam qaydalarını pozmayıb və hər dəfə ümid edirlər ki, nə vaxtsa azadlığa buraxılacaqlar. Belə görünür ki, hakimiyyət bu insanlara qarşı çox qısqanc yanaşır, elə bil ki, intiqam alır", hüquq müdafiəçisi qeyd edib.
Yəni hakimiyyət insanları həbs edir, həmin hakimiyyət əfv komissiyasını təyin edir, bu komissiyadan da gözləntilər göz qabağındadır.Elşən Həsənov, hüquq müdafiəçisi
Həsənov hesab edir ki, hüquq müdafiəçilərinin Əfv komissiyasına siyasi məhbuslarla bağlı siyahı göndərməsinin hər hansı əhəmiyyəti yoxdur.
"Bizdə, ölkədə ənənə belədir. Əfv komissiyası sırf hakimiyyət nümayəndələrindən təşkil olunub. Bu komissiyanın bir nəfər müstəqil hüquq müdafiəçisi və vəkil üzvü yoxdur ki, heç olmasa lazım gələndə rəy versin. Yəni hakimiyyət insanları həbs edir, həmin hakimiyyət əfv komissiyasını təyin edir, bu komissiyadan da gözləntilər göz qabağındadır", o qeyd edib.
Your browser doesn’t support HTML5
Hüquq müdafiəçisi deyib ki, beynəlxalq təşkilatlar Azərbaycanda siyasi məhbusların olduğunu tanıyır.
"Amma bizim millət vəkilləri, hökumətin hüquq müdafiəçiləri deyir ki, Azərbaycanda siyasi məhbus yoxdur. Kor-kor, gör-gör. Hamı Azərbaycanda ədalətsiz yerə həbs olunanları, ədalətsiz məhkəmə qəraralarını tanıyır. Bizdə deyirlər belə şey yoxdur".
Onun qənaətincə Əfv komissiyası korrupsiyada, rüşvətdə günahlandırılan məmurları əfv edir, amma vicdan məhbuslarını əfv etmir.
"Bu siyasi elitadan təşkil olunmuş əfv komissiyası əlbəttə siyasi məhbusları əfv etməyəcək. Mən mediadan oxuyuram ki, məhkəmələr həbs edilmiş məmurların müsadirə edilmiş əmlaklarının qaytarılmasına, onların həbsdən azad edilməsi məslələrinə baxır. Amma beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti tələb edib ki, insan haqlarına, insanın özünə, İnsan haqları bəyannaməsinə hörmət edilməlidir. Görünür ki, bu bəyanatların faydası yoxdur. Eşitmirlər, görmürlər, xəbərləri yoxdur", Həsənov qeyd edib.
Bəşir Süleymanlı: İnsanlar siyasi baxışlarına görə azadlıqdan məhrum edilməməlidir
Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı Amerikanın Səsinə deyib ki, bu əfv sərəncamı növbəti əfv sərəncamlarından biridir.
Your browser doesn’t support HTML5
"Çünki gözlənilən kimi bütün həbsdə olan siyasi məhbusları əhatə etmədi. O cümlədən OMON-çular. Müzakirə olunurdu ki, artıq uzun müddətdir həbsdə qalan bu insanlar ömürlük həbsdən azadlığa buraxıla bilər".
Hüquq müdafiəçisi hesab edir ki, insanlar siyasi baxışlarına görə azadlıqdan məhrum edilməməlidir ki, sonradan əfv sərəncamlarını gözləsinlər.
"Artıq Azərbaycanda elə bir dövr gəlib ki, artıq insanlar siyasi baxışlarına görə həbs olunmamalıdır. Əfv sərəncamı da birdəfəlik bu məsələni həll eləməlidir. Ancaq bu gün imzalanan sərəncam yenə də siyasi məhbus problemini fundamental olaraq həll etmədi. Bir neçə şəxsin azadlığa buraxılmasının şahidi olduq. Bu da problemi dərindən həll eləmir", o qeyd edib.
Xalid Ağaliyev: Həbsdəki jurnalistlərin məsələsi tam aradan qalxmır
Media hüquqları üzrə ekspert Xalid Ağaliyev Amerikanın Səsinə deyib ki, yüzlərlə məhbusun azad edilməsi, cəzalarının azaldılması bütün hallarda humanistliyin ifadəsidir, təqdirə layiqdir.
Onları da azad edib, həbsdəki jurnalistlərlə bağlı problemi tamamilə həll etmək olardı.Xalid Ağaliyev, hüquq müdafiəçisi
"Amma son əfv sərəncamı nəticəsində həbsdəki jurnalistlərdən cəmi bir nəfər azadlığa buraxılır. Elçin Məmmədov uzun müddət idi ki, həbsdə idi, ona qarşı şübhəli ittihamlar irəli sürülmüş, məhkəmələr də həmin ittihamları təsdiqləmişdi. Şübhəli ittihamlar üzrə cəza çəkən jurnalistin əfvlə azad olunması çox yaxşıdır. Ancaq təəssüflər olsun ki. Başqa bir neçə jurnalist də Elçin Məmməd kimi şübhəli ittihamlarla müxtəlif cəzalara məhkum ediliblər. Onları da azad edib, həbsdəki jurnalistlərlə bağlı problemi tamamilə həll etmək olardı", hüquq müdafiəçisi qeyd edib.
Bəhruz Məhərrəmov: Ümummilli lider Heydər Əliyevin 100 illik yubeleyi münasibətilə əfv sərəncamı böyük humanizm aktıdır.
Your browser doesn’t support HTML5
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Amerikanın Səsinə bildirib ki, Prezident İlham Əliyevin növbəti dəfə humanizm dəyərlərini rəhbər tutaraq əfv sərəncamı imzalaması, 800 dən artıq vətəndaşa 2-ci şans, 100-lə ailəyə isə sevinc deməkdir.
Cənab prezidentin bu gün imzaladığı məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubeleyi münasibətilə əfv olunması haqqında imzaladığı sərəncamı böyük humanizm aktıdır.Bəhruz Məhərrəmov, Milli Məclisin deputatı
"Aydındır ki, əfv etmə sadə mexanizm deyil. Bu proses təhlillərə əsaslanmalıdır. Hər dəfə mümkün qədər daha çox insanı əhatə edilməsinə çalışılır. Amma eyni zamanda cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həmçinin məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsi amilini unutmamalıyıq. Məhkəmə qaydasında cəza ya məhkum edilmiş şəxslər bir qayda olaraq o halda əfv edilir ki, onların barəsində təyin edilmiş cəza tədbirləri ilə müəyyən məqsədlərinə nail olub. Yəni şəxs artıq islah edilib. Cəmiyyət üçün daha təhlükəli deyil və onun cəzasının bütövlükdə çəkilməsinə ehtiyac yoxdur. Son əfv etməyə qədərki araşdırmaların nəticələrini də məhz bu sayda insanın müvafiq kriteriyaya cavab verdiyinin ortaya çıxardığının şahidi olmaqdayıq. Azərbaycan dövləti ümumilikdə bir nəfər də olsun vətəndaşının cəzaya məruz qalmasını arzu etmir".
Deputat hesab edir ki, cəmiyyətin təhlükəsizliyi və ictimai qaydanın təmin edilməsi çox vacibdir.
"Bütün bunların fonunda bu humanizm aktı barədə hər hansı neqativ düşüncə formalaşdırmaq cəhdləri kimlərinsə prosesdən kənarda qalması barədə qərəzli və savadsız mühakiməsi ən azı bu əfvdən yararlanmış 800-dən çox ailəyə hörmətsizlikdir. Eyni zamanda əfvi amnistiya aktı ilə müqayisə edərək, niyə amnistiya aktından daha az insanı əhatə etməsi barədə iddiaları görməkdəyik. Bu sadəcə savadsız populizmdir. Ən azı ona görə ki, əfv fərdi qaydada müəyyən edilmiş şəxs barəsində prezident tərəfindən, amnistiya aktı isə fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Milli Məclis tərəfindən qəbul edilir. Yəni əfv zamanı hər bir şəxsə fərdi yanaşılır, amnistiyada isə şəxslər yox, əməllər önə çəkilir. Bir sözlə cənab prezidentin bu gün imzaladığı məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubeleyi münasibətilə əfv olunması haqqında imzaladığı sərəncamı böyük humanizm aktıdır. Kimlərinsə fəaliyyət xarakterli yorumları bu hüquqi aktın mahiyyətinə xələl gətirə bilməz", o qeyd edib.
Hüquq-müdafiə təşkilatlarının son siyasi məhbus siyahısı
"Azərbaycan siyasi məhbuslarına azadlıq" Birliyi tərəfindən tərtib edilən siyahıya görə, Azərbaycada hazırda 182 nəfər siyasi məhbus var.
182 siyasi məhbus siyahısı 7 qrupa ayrılıb: Jurnalistlər və blogerlər - 6 nəfər, müxalif partiya və hərəkatların üzvləri - 6 nəfər, Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər" - 5 nəfər, dindarlar - 118 nəfər, "Tərtər işi" üzrə həbs edilənlər - 8 nəfər, "Gəncə işi" üzrə həbs edilənlər - 26 nəfər, ömürlük məhbuslar - 13 nəfər.