Accessibility links

Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsi sədri: İnsanların üzərindən həmişəlik xətt çəkilməməlidir


Noyabrın 15-də Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsi mətbuat konfransı keçirib. Konfransda ömürlük həbs cəzası almış məhbusların yaxınları da iştirak edib. Toplantıda həmin məhbusların azadlığa buraxılması istiqamətində müraciətlər ünvanlanması, məhbusların saxlanılma şəraiti və bu məsələ ilə bağlı mövcud problemlər müzakirə edilib.

Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Akif Nağı Amerikanın Səsinə müsahibəsində bildirib ki, həm cəmiyyətin, həm də dövlətin diqqəti ömürlük həbs cəzası alan məhbuslara yönəlməlidir. 7 ildir ömürlük həbs cəzası alan məhbusların hüquqlarının müdafiəsi ilə məşğul olan Akif Nağının fikrincə, bu cəza həmin insanların üzərindən həmişəlik xətt çəkilməlidir demək deyil. Komitə rəhbəri dünya praktikasına nəzər yetirib:

"Dünya praktikasında da səhvlər olub, heç kim bunu danmır. Azərbaycan məhkəmə sistemində də bu cür səhvlər ola bilər, yanlış qərarlar çıxarıla bilər və belə qərar ömürlüklər haqqında çıxarılırsa, bu o deməkdir ki, insanın həyatının üzərindən xətt çəkilir. Kimsə 3-5 il, 10 il səhvən həbsə göndərilirsə, 10 ildən sonra azadlığa çıxır və məlum olur ki, yanlış qərar olub, yenə də azadlığa çıxır. Lakin bu, ömürlükdürsə və səhv qərar qəbul olunubsa, tamamilə ədalətsizlikdir. Bu, insanın həyatını məhv etməkdir".

Akif Nağı: İnsanların üzərindən həmişəlik xətt çəkilməməlidir
please wait

No media source currently available

0:00 0:08:14 0:00

Akif Nağı bildirir ki, Komitənin tətqiqatı nəticəsində onlar ömürlük həbs cəzası almış bəzi şəxslər barəsində düzgün qərarın çıxarılmadığını aşkar ediblər. O, hesab edir ki, həmin işlərə yenidən baxılmalıdır və dövlət səviyyəsində komissiya yaradılmalıdır.

"Dünyanın heç bir yerində təsadüfən adam öldürən şəxslərə ömürlük həbs cəzası verilmir və yaxud da sübut olunmamış cinayətlərdir. Vəkillər də işlərə baxıb deyirlər ki, bu məsələ sübut olunmayıb. Doxsanlarda həbs olunanlardan eləsi var ki, 30 ildir həbsdədir və çoxuna da səthi yanaşma olub" - deyə o bildirib.

Komitə rəhbəri deyir ki, Azərbaycan qanunvericiliyində 25 ildən sonra həmin məhbusların işinə yenidən baxılması ilə bağlı maddə var. Lakin onun sözlərinə görə, bu müraciətlərə baxılmır və onlara rədd cavabı verilir. Akif Nağı ömürlük həbs cəzası verilmiş məhbusların Qobustan həbsxanasındakı saxlanılma şəraitinə də diqqət çəkib:

"Bəzi məlumatlar gəlir ki, insanlara işgəncə verilir, onları qeyri-insani şəraitdə saxlayırlar. Onların ərzaqla, yeməklə təminatı sıfır dərəcəsindədir. Həmin insanlara tibbi xidmət yox səviyyəsindədir, tibb məntəqəsinə müraciət edilsə də, demək olar ki, orada müalicə aparılmır. Penitensiar Xidmətin Tibb müəssisəsində nisbətən keyfiyyətli tibbi xidmət göstərilir və eşitdiklərimizə görə orada böyük bir rüşvət məqamı yaranıb. Kim pul verməsə, onları həmin tibb müəssisəsinə müalicə üçün gətirmirlər".

Akif Nağı bildirib ki, ömürlük həbs cəzası almış şəxslər arasında "Qarabağ partizanları", "OMON"çular da var. O hesab edir ki, onların da işinə yenidən baxılmalıdır.

"23 nəfərdən ibarət "Qarabağ partizanları" 2003-cü ildə həbs olunmuşdu və onlara müxtəlif həbs cəzası verilmişdi, o cümlədən Məmməd Məmmədova ömürlük həbs cəzası verilib. Həbs olunanda onun 20 yaşı var idi, dəstədə həbs olunan hamı cəza müddətini başa vurdu, amma Məmməd sıravi üzv idi. Dəstənin rəhbərinə 10 il həbs cəzası verilmişdi, ona isə ömürlük həbs cəzası. "OMON"çular arasında isə Elçin Əmiraslanov və Səfa Poladov var. Onlar artıq neçə ildir həbsdədirlər, əgər bizim qanunvericilik insanların islah olunmasına qarşısına məqsəd qoyubsa, onlar çoxdan islah olunublar"- deyə, Nağı bildirib.

Komitə rəhbəri deyir ki, digər kateqoriya məhbuslara isə barələrində hərəkətlərinə uyğun olmayan cəza müəyyənləşdirib, onlar da azadlığa buraxılmalıdırlar.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən hələlik münasibət öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG