Əliyev və Paşinyanın həftə sonu Brüsseldə görüşəcəyi bildirilir

Mayın 14-də Azərbaycanın prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə növbəti görüş baş tutacaq. Bu barədə "Financial Times" qəzeti Avropa İttifaqındakı mənbələrə istinadla məlumat yayıb.

Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin ev sahibliyi edəcəyi görüşdə iki ölkə lideri bu ilin fevralında Münhendə ABŞ Dövlət katibi Antoni Blinkenlə birgə baş tutan görüşdən bəri ilk dəfə yenidən bir araya gələcək.

Avropa İttifaqı Şurası Brüssel görüşü barədə Amerikanın Səsinin sorğusunu hələlik cavablandırmayıb. Rəsmi Bakı və Rəsmi Yerevan da görüş barədə hələ məlumat yaymayıb. Azərbaycanın Niderlanddakı səfirliyi 14 mayda görüşün baş tutacağı haqqında öz Twitter hesabında yazıb.

Bundan əvvəl tərəflər arasında növbəti görüşün Rusiyada keçiriləcəyi açıqlanıb.


Ötən həftə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dörd gün davam edən sülh danışıqları baş tutub. ABŞ dövlət katibi Antoni Blinken Vaşinqton görüşünün yekununda qeyd edib ki, danışıqların keçirildiyi günlər ərzində iki tərəf "çox mürəkkəb" məsələləri müzakirə edib və dayanıqlı sülh razılaşması istiqamətində "ciddi irəliləyişə" nail olublar.

Daha əvvəl Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə Şarl Mişelin təşəbbüsü ilə dörd görüş baş tutub. İlk görüş 14 dekabr 2021-ci ildə, ikinci görüş 6 aprel 2022-ci ildə, üçüncü görüş isə 23 may 2022-ci ildə, son görüş isə 31 avqust 2022-ci ildə keçirilib.

Həmçinin ötən il oktyabrın 6-da Praqada baş tutan Avropa Siyasi Birliyinin Sammitində Azərbaycan prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanın dördtərəfli formatda görüşü keçirilib.

"Financial Times" yazır ki, iki ölkə lideri iyunun 1-də Avropa Siyasi Birliyinin Kişinyovdakı növbəti sammiti çərçivəsində yenidən bir araya gələcək. Həmin görüşün Fransa prezidenti Emmanuel Makronun və Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə baş tutacağı gözlənilir.