ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Gevara koronavirus pandemiyasının başlanmasından sonra bu il aprelin 20-də ilk dəfə ABŞ səfirliyinin iftar vermək ənənəsini bərpa edib.
“Biz həm Azərbaycanda, həm də ABŞ-dakı müsəlmanların müqəddəs ayda oruc tutmalarına hörmət və ehtiramla yanaşırıq. Ramazan bayramınız mübarək. Allah orucunuzu qəbul etsin. Bu ayda oruc tutanlara ən səmimi arzularımızı çatdırırıq”, səfirliyin video təbrikində deyilir.
ABŞ səfirliyi Mədəniyyət məsələləri üzrə müşavir, amerikalı müsəlman Hacı Salmanın səsləndirdiyi qısa videonu təqdim edib.
ABŞ Prezidenti Co Bayden də Ağ Evin yaydığı açıqlama vasitəsilə dünya müsəlmanlarının Ramazan bayramını təbrik edib.
“Bu bayramda xeyir-dualarımızı qeyd edərkən, gəlin həm də özümüzü sülhün qurulması və bütün insanların hüquq və ləyaqətinin müdafiəsi kimi əbədi işlərə sadiqliyimizi bir daha öhdəmizə götürək. Mənim Administrasiyam həmçinin islamofobiya da daxil olmaqla nifrətin bütün formalarına qarşı mübarizə aparmağa sadiqdir. Buna görə də mən bu və bununla bağlı problemləri həll etmək və hər bir amerikalını daha inklüziv millət qurmağa təşviq etmək üçün yüksək səviyyəli hökumət rəsmiləri ilə idarələrarası işçi qrupu yaratdım,” bəyanatda deyilir.
ABŞ Prezidenti Ramazan bayramını bu il də Ağ Evdə ölkə boyu töhfələr verən ilhamverən müsəlman amerikalılarla birlikdə qeyd etdiklərini açıqlayıb.
“Bayramı qeyd edən hər kəs, Cill və mən sizə və sevdiklərinizə xoşbəxt və bərəkətli Ramazan bayramı arzulayıram. Bayramınız Mübarək!”