Azərbaycan və İsrail təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib

Prezident İlham Əliyev və İsrailin xarici işlər naziri Eli Kohen (foto mənbə: İsrailin xarici işlər nazirinin Twitter səhifəsi)

Aprelin 19-da prezident İlham Əliyev Bakıda rəsmi səfərdə olan İsrailin xarici işlər naziri Eli Koheni qəbul edib.

Bu barədə İsrailin xarici işlər naziri Eli Kohen Twitter-də bildirib.

"Azərbaycan prezidenti ilə əla görüş oldu. Biz terrorizmlə mübarizəni, təhlükəsizliyin genişləndirilməsini və ölkələr arasında iqtisadi əməkdaşlığı müzakirə etdik. Mən İsraildə səfirlik, şiə müsəlman ölkəsinin ilk səfirliyinin açılması qərarı ilə əlaqədar prezidenti təbrik etdim. Bu, İsrail dövlətinin dünyada yüksək hörmətini göstərir", Kohen görüşün yekunları ilə bağlı Twitter hesabında yazıb.

Öz növbəsində Azərbaycan Prezident Administrasiyası görüş barədə rəsmi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, prezident İlham Əliyev Azərbaycan-İsrail münasibətlərini yüksək qiymətləndirərək, iki ölkə arasında yaxşı siyasi əlaqələrin mövcud olduğunu bildirib.

Görüşdə prezident İlham Əliyev Azərbaycanın İsraildə səfirliyinin açılmasını əlaqələrin yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirib və bu əlaqələrin dostluq, qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslandığını vurğulayıb.

Rəsmi məlumatda deyilir ki, Azərbaycanda iqtisadiyyatın modernləşdirilməsi prosesinin uğurla həyata keçirildiyini bildirən prezident İlham Əliyev bu baxımdan texnologiyalar sahəsində, o cümlədən yaşıl enerji, ağıllı şəhər və ağıllı kənd konsepsiyaları ilə bağlı təcrübə mübadiləsinin önəmini qeyd edib.

Bundan əlavə İlham Əliyev Ələt Azad İqtisadi Zonasında yaradılmış şərait barədə məlumat verib. O, İsrail şirkətlərinin burada da fəaliyyət göstərmələri və yeni layihələrlə çıxış etmələri üçün yaxşı imkanların olduğunu deyib.

Həmçinin məlumatda SOCAR-ın İsraildə karbohidrogen resurslarının istismarında iştirakı imkanlarına baxılmasının da önəmi vurğulanıb.

Öz növbəsində İsrailin xarici işlər naziri Azərbaycanın İsraildə səfirliyinin açılmasını yüksək qiymətləndirərək və bunun ölkələr arasında strateji əlaqələr qurulması işinə töhfə verəcəyinə ümidvarlığını bildirib.

O, İsrail ilə Azərbaycan arasındakı əlaqələrin strateji xarakter daşıdığını vurğulayıb.

“Azərbaycana geniş nümayəndə heyəti ilə səfər etdiyini vurğulayan İsrailin xarici işlər naziri turizm sahəsində əlaqələrimizə toxunaraq, ölkəsindən Azərbaycana gələn turistlərin sayının artmaqda olduğunu qeyd etdi. O, ölkələrimiz arasında ticarət dövriyyəsinin artım tempinin müşahidə olunduğunu deyərək, bunun daha da artırılması üçün geniş imkanların olduğunu bildirdi”, məlumatda deyilir.

Görüşdə iqtisadiyyat, enerji, kənd təsərrüfatı, bərpa olunan enerji, investisiyalar, elm, təhsil, mədəniyyət, turizm, təhlükəsizlik sahələrində və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulanıb. Həmçinin su resurslarının idarə olunması və dəniz suyunun şirinləşdirilməsi, səhralaşma prosesinin qarşısının alınması, səhra və yarımsəhra şəraitində kənd təsərrüfatının inkişaf etdirilməsi sahələrində İsrailin təcrübəsinin Azərbaycan üçün maraqlı olduğu qeyd edilib.

Azərbaycan və İsrail arasında ətraf mühitin mühafizəsi sahəsində saziş imzalanıb.

Bu barədə isə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün Twitter hesabında bildirib.

“Saziş ölkələrimizin ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığının möhkəmləndirilməsinə və resurslardan səmərəli istifadə imkanlarının artırılmasına xidmət edir”, o qeyd edib.

Azərbaycan və İsrail arasında ətraf mühitin mühafizəsi sahəsində saziş imzalanıb. (foto: Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov )

Sazişi Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və İsrailin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Kohen imzalayıb.

Bakıda Azərbaycan və İsrail arasında Birgə Komissiyanın iclası keçirilib. İclasda Ticarət əlaqələrinin və investisiyaların təşviqi, ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq istiqamətləri, innovativ texnologiyaların tətbiqi - rəqəmsal iqtisadiyyat sahəsində məsələlər nəzərdən keçirilib.

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Amerikanın Səsinə müsahibəsində son vaxtlar Azərbaycan və İsrail arasında münasibətlərin daha da intensivləşdiyini bildirib.

Azər Qasımlı -Siyasi Menecment İnstitutunun direktoru

O deyib ki, Azərbaycanın İsraildə səfirliyinin açılması Azərbaycan və İsrail arasındakı münasibətləri daha da yüksək səviyyəyə qaldırıb.

Ekspertin sözlərinə görə, Azərbaycan və İsrail arasında hərbi sahədə əməkdaşlıq daha da inkişaf edə bilər.

“Bu da bizim üçün hərbi təhlükəsizlik baxımdan önəmlidir. Çünki bildiyiniz kimi dünyada bir çox ölkələr Azərbaycan kimi dövlətlərə silah satmırlar. İsrail də tək-tük ölkələrdən biridir ki, Azərbaycana keyfiyyətli silahı satır. Bu da müsbətdir. Azərbaycanın hərbi təhlükəsizliyi baxımdan önəmli məqamdır”, o bildirib.

Ekspert qeyd edib ki, İsrail ilə əməkdaşlığın gücləndirilməsi Azərbaycan-İran münasibətlərinə mənfi təsir göstərə bilər.

“Azərbaycan iqtidarı indiyə qədər elə bir siyasət yürüdürdü ki, müəyyən mənada bir balans saxlamağa çalışırdı. İranla bir diplomatik nəzakət qaydalarına uyğun hərəkət edirdi. Amma 44 günlük müharibədən sonra vəziyyət dəyişdi”, Qasımlı deyib.

Onun sözlərinə görə, Azərbaycanın xarici siyasətində balans pozulub, daha əvvəlki ənənəvi siyasət yürüdülmür.

“Bu da İranla ilə münasibətləri pozdu. Paralel olaraq təbii ki, bu da İsrail ilə Azərbaycan arasında münasibətlərin daha da yaxınlaşmasına, daha da üst səviyyəyə qaldırılmasına bir təkan oldu. Bu son səfər də bu dediklərimin bariz nümunəsidir. İranla münasibətlər daha əvvəlki səviyyədə deyil, daha bir yeni sistemə oturuşacaqsa, İran rəhbərliyi ilə Azərbaycan rəhbərliyi arasında bir ortaq məxrəcə gəlinəcəksə təbii ki, həmin o dönəmdə də İsrail və Azərbaycan arasında münasibətlərin bundan sonra daha da dərinləşməsi trendi duracaq. Azərbaycan və İsrail münasibətlərinin perspektivi Azərbaycan və İran arasında münasibətlərdən aslıdır. Münasibətlər pis olacaqsa İsrail ilə bu əməkdaşlıq işlənəcək və ən üst səviyyəyə qalxacaq. Həm hərbi, həm də digər sahələrdə”, o bildirib.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Amerikanın Səsinə deyib ki, Azərbaycan və İsrail münasibətlərinin genişlənməsi, təhlkəsizlik sahəsində əməkdaşlıq hər iki ölkənin maraqlarına xidmət edir.

Elxan Şahinoğlu

“Azərbaycanın maraqlarına xidmət edir ki, ordusunu gücləndirir, təhlükəsizlik sistemini gücləndirir. Çünki İsrail bu sahədə çox irəli gedib. İsrailin də maraqlarına cavab verir ki, Azərbaycan ilə əməkdaşlığı genişlənir. Çünki İslam aləmində İsrailin elə də çox dostu yoxdur. Ona görə də nə qədər çox islam ölkəsi İsrail ilə əməkdaşlıq edirsə bu İsrail üçün faydalıdır. İranın qonşusu olma baxımından da Azərbaycana böyük əhəmiyyət verir”, o bildirib.

Onun fikrincə, bu səfərlər Azərbaycan-İsrail arasında ikitərəfli əməkdaşlığın genişlənməsinə xidmət edir.

“İranda əlbəttə ki, bu narazılıq doğuracaq. Amma bu bizə təsir etmir. Azərbaycanın təhlükəsizliyi və milli maraqlarına nə cavab verirsə o siyasət də yürüdüləcək. İsrail ilə əməkdaşlıq isə Azərbaycanın təhlükəsizliyi və milli maraqlarına tam cavab verir”, ekspert vurğulayıb.