Bir çox ölkədən araşdırmaçı jurnalistləri birləşdirən Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması üzrə Beynəlxalq Jurnalist Layihəsinin (OCCRP) yeni tədqiqatında Azərbaycanda tanınmış fəal Bəxtiyar Hacıyev və başqa ictimai fəallar barədə məlumat verilib. Tədqiqatda Azərbaycanda dissidentləri və hakimiyyətin tənqidçilərini susdurmaq üçün intim foto və videolardan istifadə praktikasının davam etdirildiyi bildirilir.
Tədiqatda fevralın ortalarında ictimai fəal Bəxtiyar Hacıyevin öz həbsinə etiraz olaraq aclıq etdiyi, sosial şəbəkələrdə onun şəxsi fotoşəkilləri və yazışmalarının yayıldığı qeyd edilir. "Növbəti həftələrdə Telegram kanalında onu ifşa edən fotoşəkillərin olduğu kanallar görünməyə başlayıb. Belə ki, onun yazışmaları, audioyazıları da daxil olmaqla, şəxsi telefonundan oğurlanan fotoşəkillər şəbəkəyə düşüb", OCCRP-nin tədqiqatında deyilir.
Təşkilatın bildirdiyinə görə, bu, həm fəalın özünü, həm də onun ünsiyyətdə olduğu qadınları gözdən salmaq üçün edilib. Tədqiqatda, eyni zamanda, qadınların adları, ev ünvanları və ya əlaqə məlumatlarının şəbəkədə açıqlandığı qeyd edilir.
"Bir sıra beynəlxalq hüquq- müdafiə qrupları Azərbaycan Daxili İşlər Nazirliyinin öz vətəndaşlarına qarşı haker kampaniyalarını koordinasiya etməsinə dair səhih sübutlara malikdir. Azərbaycan həmçinin Pegasus casus proqram təminatının əsas istifadəçisi kimi tanınıb. OCCRP müəyyən edib ki, Azərbaycan hökuməti Pegasus casus proqramı vasitəsilə 40-dan çox fəal, jurnalist və onların ailə üzvlərini, o cümlədən Bəxtiyar Hacıyevi izləyib", OCCRP-nin tədqiqatında deyilir.
Azərbaycanın rəsmi qurumları, o cümlədən Daxili İşlər Nazirliyi OCCRP tədqiqatına hələ münasibət bildirməyib. Bununla yanaşı, rəsmi Bakı bir qayda olaraq beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Ölkə rəsmiləri Azərbaycanda insanların fundamental hüquqlarının tam təmin edidiyini, əqidəsinə görə təqib edilmədiyini bildirir.