Rəsmi Bakı erməni icmasını yenidən görüşə dəvət edib

Prezident Administrasiyası

Azərbaycan Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir.

Bu barədə martın 27-də Azərbaycan Prezidentinin Administrasiyası məlumat yayıb.

Bundan öncə martın 13-də Azərbaycan Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edib.

Həmin dəvətə tanınmayan Dağlıq Qarabağın prezidentinin müşaviri kimi təqdim edilən David Babayan Ermənistanın News.am saytına bildirib ki, Bakı ilə danışıqlar yalnız bərabərhüquqlu tərəflər kimi mümkündür.

Azərbaycan Prezident Administrasiyasının martın 27-də görüşə dəvətinə cavab olaraq özünü tanınmamış qurumun hakim partiyasının parlament fraksiyasının rəhbəri kimi təqdim edən Artur Arutunyan bildirib ki, Dağlıq Qarabağ danışıqlara hazırdır, lakin məcburiyyət və ya tələblər şəraitində danışıqlar ola bilməz.

“Biz dedik ki, aydın beynəlxalq təminatlar, beynəlxalq format, danışıqlara rəhbərlik edən və xalqların öz müqəddəratını təyin etmək hüququ, ərazi bütövlüyü və güc tətbiq etməmək kimi üç prinsipə əsaslanan yeganə beynəlxalq səviyyədə tanınmış format olan ATƏT-in Minsk qrupunun həmsədrliyi var. Əgər bu beynəlxalq təminatlar olarsa və Artsax beynəlxalq formatda danışıqların ayrıca tamhüquqlu tərəfi kimi tanınarsa, biz bu üç prinsip əsasında danışıqlar aparmağa hazırıq”, o news.am saytına bildirib.

Martın 1-də Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinləri ilə təmaslar üzrə məsul şəxs olan Milli Məclisin deputatı Ramin Məmmədov Xocalı şəhərində Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.

Ramin Məmmədov görüşdən sonra bildirib ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinləri ilə təmaslar davam etdiriləcək.

Bundan sonra martın 5-də Dağlıq Qarabağda Azərbaycan hərbçiləri ilə ermənilər arasında silahlı insident qeydə alınıb. Hər iki tərəfdən ölənlər və yaralananlar olub.

Azərbaycan qeyri-hökumət təşkilatları nümayəndələrinin artıq 106 gündür Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz edir. Aksiya iştirakçıları Azərbaycanın rəsmi qurumlarının faydalı qazıntı yataqlarında monitorinq aparılması üçün buraxılmasını və Rusiya sülhməramlı kontingentinin komandanı ilə görüş tələb edir. Bu günədək fəalların tələbləri yerinə yetirilməyib.

Ekspertlərin fikrincə, regionda gərginlik davam edir və silahlı insidentlərin baş verməsi mümkündür.