Avropa İttifaqı (Aİ) və Rusiya Xarici İşlər Nazirliyi martın 4-də Dağlıq Qarabağda Azərbaycan hərbçiləri ilə erməni tərəfinin arasında baş verən silahlı insidentə münasibət bildirib. Rəsmi məlumatlara görə, insident zamanı Azərbaycan Ordusunun 2 hərbçisi, erməni tərəfinin isə üç polis zabiti həlak olub.
Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü Peter Stanonun yaydığı bəyanatda deyilir ki, Avropa İttifaqı Qarabağda azı beş nəfərin ölümünə səbəb olan hadisənin baş verməsindən dərin təəssüf hissi keçirir.
“Aİ baş vermiş hadisəni tam şəkildə araşdırmağa, eyni zamanda, bütün maraqlı tərəfləri regional sabitliyi poza biləcək və sülh prosesinə təhlükə yarada biləcək hər hansı növbəti hərəkətlərin qarşısını almağa və təmkinli olmağa çağırır”, bəyanatda qeyd edilir.
Öz növbəsində NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Dağlıq Qarabağda Azərbaycan hərbçiləri ilə ermənilər arasında silahlı insidentdən narahatlığını bildirib.
“Xankəndi/Stepanakert yaxınlığında ölümlə nəticələnən insidentlə bağlı xəbərlərdən çox narahatıq. Bu insident danışıqlar masası arxasında həll edilməmiş məsələlərin həllinin vacibliyini nümayiş etdirir”, Xavyer Kolomina Twitter səhifəsində qeyd edib.
Xavyer Kolomina vurğulayıb ki, NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artması ilə bağlı ciddi narahatlığını bildirir.
“Son bir neçə gün ərzində atəşkəs rejiminin dəfələrlə pozulması halları qeydə alınıb. Martın 5-də həm Ermənistan, həm də Azərbaycan tərəfdən itkilərlə nəticələnən silahlı insident baş verib. Biz tərəfləri təmkinli olmağa və gərginliyi azaltmaq üçün addımlar atmağa çağırırıq. Biz Dağlıq Qarabağ münaqişəsi zonasında tam atəşkəs və bütün hərbi əməliyyatlar haqqında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli Bəyanatının müddəalarına ciddi əməl etməyin zəruriliyini bir daha təsdiq edirik. Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında təhlükəsizliyin və sabitliyin təmin edilməsi ilə bağlı istənilən məsələlər Rusiya sülhməramlı kontingentinin himayəsi altında tərəflər arasında təmasla sülh yolu ilə həll edilməlidir”, o qeyd edib.
Zaxarova bildirib ki, baş verən hadisə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il, o cümlədən 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlarının müddəalarının icrası çərçivəsində Bakı və İrəvanın mümkün qədər tez danışıqlara qayıtmasının, o cümlədən regional kommunikasiyaların bloklarının açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası nı və sülh müqaviləsinin hazırlanmasının vacibliyini bir daha təsdiqləyir.