Accessibility links

Azərbaycan Laçının şimalındakı yollarda "lokal nəzarət tədbirləri" həyata keçirdiyini bildirir


Azərbaycan Ordusu Laçın şəhərinə daxil olub (Foto Müdafiə Nazirliynindir)
Azərbaycan Ordusu Laçın şəhərinə daxil olub (Foto Müdafiə Nazirliynindir)

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın Laçın yolunun şimalındakı "torpaq yollarından qeyri-qanuni fəaliyyətlər" üçün istifadə etdiyini bəyan edərək Azərbaycan qüvvələrinin "lokal zəruri nəzarət tədbirləri" həyata keçirdiyini açıqlayıb.

Məlumatda deyilir ki, son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib.

Qarabağ ermənilərinin təmsilçiləri Azərbaycan qüvvələrinin təmas xəttini keçdiyini bildirərək bu barədə Rusiya sülhməramlılarının məlumatlandırıldığını deyiblər.

"Rəsmilər gözləyirlər ki, sülhməramlı kontingent bu pozuntunun fəsadlarını aradan qaldırmaq üçün praktiki tədbirlər görəcək və yeni pozuntuların qarşısını alacaq," özünü Dağlıq Qarabağ İnformasiya Mərkəzi adlandıran qurum bildirib.

Rəsmi Bakı qeyri-qanuni daşımaların xüsusilə gecə vaxtı və dumanlı hava şəraitində həyata keçirildiyini bildirib və erməni tərəfini hərbi məqsədlər üçün yeni yollar çəkməkldə və mövcud cığırları genişləndirməkdə günahlandırıb.

"Son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsi Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınıb. Bu yollardan həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunur,” Azərbaycan Müdafiə Nazirliyi bildirib.

Rəsmi Bakının ittihamlarını "saxta" adlandıran erməni tərəfi bu addımları "yenilənən təcavüz və destruktiv fəaliyyətlər" ittihamı ilə əsaslandırıb. Dekabrın 12-dən bəri Qarabağ ermənilərinin blokadad saxlanıldığını bildirən İnformasiya Mərkəzi söz gedən yoldan sivil və təxirəsalınmaz kommunikasiya üçün istifadə olunduğunu bildirib.

Martın 25-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə ayrılıqda telefonla danışaraq regiondakı durumu müzakirə edib.

Ermənistanın hökumətinin Mətbuat xidmətinin məlumatına görə, Baş nazir Paşinyanla söhbət zamanı “Azərbaycanın Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması nəticəsində davam edən böhranlı vəziyyətə toxunublar. Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesi, sülh müqaviləsi və regional kommunikasiyaların istismarının bərpası məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Ermənistan Respublikasının baş naziri Azərbaycanın son vaxtlar artan aqressiv ritorikasından və sabitlik və sülhə nail olmaq səylərinə mane olan təxribat xarakterli hərəkətlərindən narahatlığını ifadə edib”.

Avropa Şurasının sədri Aİ-nin regionda dialoq və sülhü təşviq etməyə hazır olduğunu təsdiqləyib.

Azərbaycan Prezidentinin Mətbuat xidmətinin məlumatına görə, Şarl Mişel Avropa İttifaqının regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün səylərini bundan sonra da davam etdirəcəyini deyib.

“Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı məsələlərə toxunub və son günlərdə Ermənistanla Azərbaycanın dövlət sərhədində baş vermiş insidentlərlə əlaqədar narahatlığını ifadə edib”, məlumatda qeyd edilir.

Prezident İlham Əliyev Azərbaycanın Brüssel prosesini dəstəklədiyini bir daha vurğulayıb.

Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə toxunan Azərbaycan Prezidenti qeyd edib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır. Belə ki, 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 5 minə yaxın nəqliyyat vasitəsi, tibbi yardıma ehtiyacı olan şəxs və onları müşayiət edənlər bu yoldan keçiblər.

İlham Əliyev Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə Ermənistan tərəfindən silah-sursat və şəxsi heyətin daşınması prosesinin hələ də həyata keçirildiyini bildirib. Azərbaycan Prezidenti Ermənistan rəhbərliyinin təhlükəli və eskalasiyaya yönəlmiş rəsmi açıqlamalarına diqqət çəkib.

Azərbaycan-Ermənistan sərhədində və Dağlıq Qarabağda son bir neçə ayda gərginlik artmaqda davam edir. Qarşılıqlı atışmalar nəticəsində hər iki tərəfdən həlak olanlar və yaralananlar var.

2022-ci il dekabrın 12-dən başlayaraq Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşa şəhərinin ətrafında Rusiya sülhməramlılarının postu qarşısında davamlı etiraz aksiyası keçirir.

Azərbaycanlı mütəxəssislərin Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edən aksiya iştirakçıları Rusiya sülhməramlı kontingentinin komandiri Andrey Volkovun əraziyə gəlməsini tələb edir.

Ermənistan Baş Naziri Nikol Paşinyan Laçın dəhlizinin bağlanmasının 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın “kobud pozuntusu” olduğunu bildirib. Onun sözlərinə görə, həmin bəyanatın 6-cı maddəsinə əsasən dəhliz Rusiya Federasiyası sülhməramlılarının nəzarətindədir və Azərbaycan vətəndaşların, nəqliyyatın və əmtəənin hərəkətinə təminat verməlidir.

Azərbaycan tərəfi yolun bağlanmadığını və yerli sakinlər üçün həyat əhəmiyyətli nəqliyyatın gediş-gəlişinin təmin olunduğunu bildirir.

Ötən il dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərə gəlsə də, monitorinqə imkan verilməyib.

Bu il martın 1-də Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinləri ilə təmaslar üzrə məsul şəxs olan Milli Məclisin deputatı Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.

Bundan sonra, martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda erməni tərəfi ilə Azərbaycan Ordusunun hərbçiləri arasında atışma olub. Hər iki tərəfdən ölənlər və yaralananlar olub.

Azərbaycan Prezidentinin Adminsitrasiyası daha sonra martın 13-də Dağlıq Qarabağda yaşayan erməni icmasının təmsilçilərini Bakıya danışıqlara dəvət edib.

Bu zaman tanınmayan Dağlıq Qarabağın prezidentinin müşaviri kimi təqdim edilən David Babayan Ermənistanın News.am saytına bildirib ki, Stepanakertlə (Xankəndi) Bakı arasında danışıqlar yalnız bərabərhüquqlu tərəflər kimi mümkündür.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Azərbaycan tərəfindən bölgədə yaşayan erməni əsilli sakinlərin reinteqrasiyası Azərbaycanın Konstitusiyası və qanunvericilik aktlarına uyğun olaraq təmin ediləcək.

“Azərbaycan tərəfi bu istiqamətdə erməni sakinlərlə dialoq aparılmasında qərarlıdır və bu məsələdə kənar müdaxilələrin qarşısı alınacaq. Azərbaycan tərəfi erməni sakinlərin reinteqrasiyası istiqamətdə növbəti görüşün Bakıda keçirilməsi barədə təklif irəli sürüb və Ermənistan bu istiqamətdə Azərbaycanın fəaliyyətinə mane olmamalıdır", Xarici Işlər Nazirliyi qeyd edib.

XS
SM
MD
LG