Martın 14-də Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ABŞ-ın Avropa Komandanlığının tərəfdaşlıq, təhlükəsizlik və siyasət imkanlar üzrə direktor müavini briqada generalı Edvard Voqanla görüşüb.
Əvvəlcə briqada generalı Edvard Voqanın rəhbərlik etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəxslərin xatirələrini yad edib.
Müdafiə Nazirliyinin Mətbuat xudmətinin məlumatına görə, görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri və regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Baş Qərargah rəisi Kərim Vəliyev Azərbaycan Ordusunda aparılan islahatlar, azad edilən ərazilərdə görülən işlər, həmçinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədi və Qarabağ iqtisadi rayonundakı cari vəziyyət barədə məlumat verib.
Mətbuat xidməti bildirir ki, tərəflər ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri üzrə əldə edilmiş müsbət nəticələrdən, o cümlədən Oklahoma ştatının milli qvardiyası ilə Azərbaycan Ordusu arasında qarşılıqlı əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə edilib.
Briqada generalı Voqan Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfəyə görə minnətdarlığını bildirib, mövcud əməkdaşlığın inkişafının vacibliyini diqqətə çatdırıb.