2022-ci ildə Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri təyin edilmiş səfir Filip Riker yanvarın 5-də diplomatik xidmətdən təqaüdə çıxıb.
Bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays yanvarın 4-də ənənəvi brifinqdə Turan agentliyinin müxbirinin sualının cavabında bildirib.
Xatırladaq ki, Riker 30 ildən artıq müddətdə ABŞ-ın Böyük Britaniyadakı səfirliyi də daxil olmaqla, müxtəlif vəzifələrdə çalışıb. 2019-cu ilin martından 2021-ci ilin avqustuna qədər dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edib.
2022-ci il avqustun sonunda Dövlət katibi Antoni Blinken səfir Rikeri özünün Qafqaz danışıqları üzrə baş müşaviri, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri və Cenevrə Beynəlxalq Müzakirələrində ABŞ nümayəndə heyətinin aparıcısı təyin edib.
Riker, həmçinin Dövlət katibi Blinkenin Nyu-Yorkda (sentyabr) və Vaşinqtonda (noyabr) Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşündə iştirak edib.
Rikerin gedişindən sonra xüsusi nümayəndə postu qalacaqmı, yoxsa ləğv ediləcək? - Turanın müxbirinin sualına sözçü belə cavab verib: "Personaldan söz getdiyindən əlavə edəcəyim bir şey yoxdur, amma siyasətə gəlincə, qeyd etmək istərdim ki, onun məqsədi sabit, demokratik və çiçəklənən Cənubi Qafqazdır. Bizim yanaşmamız dəyişməyəcək, o, hərtərəfli, uzunmüddətli həllə nail olmaq üçün tərəflərə kömək etməkdən ibarətdir", Prays deyib.
"Rikerin istefası dekabrda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüşün təşkilinin uğursuzluğu ilə əlaqədardımı?" sualına Prays mənfi cavab verib.
Dövlət Departamentinin mətbuat katibi, həmçinin qeyd edib ki, "bu mövzu əvvəlkitək bu binanın yüksək vəzifəli məmurlarının diqqət mərkəzində olacaq".
"Bildiyiniz kimi, Dövlət katibi Blinken bu prosesdə şəxsən iştirak edir, o, Ermənistandan və Azərbaycandan olan həmkarlarını bir araya gətirməklə, onlarla müntəzəm söhbət etməklə öz şəxsi töhfəsini nümayiş etdirib. Yaxın günlərdə onunla Ermənistan və Azərbaycandakı həmkarlarının daha bir telefon danışığının olacağını gözləyirəm", Prays deyib.
Praysın fikrincə, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid də bu səylərdə aparıcı rol oynayır.
Ned Prays Turanın müxbirinin telefon zənglərindən başqa, azərbaycanlıları, erməniləri və gürcüləri ABŞ siyasətinin olduğu kimi qalacağına inandırmaq üçün daha hansı səylərə baş vurulacağı ilə bağlı sualının cavabında deyib.
"Bəli, biz həm səfir Rikerin dövründə, həm də onun sələfinin dövründə ikitərəfli şəkildə bu məsələlərlə məşğul olmuşuq. Biz Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla əlaqə saxlayırıq. Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün bu məsələlərin həlli yollarını tapmaq üçün Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu asanlaşdırmaq üçün ATƏT kimi beynəlxalq təşkilatlarla əlaqə saxlayırıq. Bizim yanaşmamız dəyişməyəcək. Bizim yanaşmamız təmasları asanlaşdırmaq, tərəflərə konstruktiv şəkildə birlikdə oturmağa və nəticədə hərtərəfli, uzunmüddətli həllə doğru irəliləyiş əldə etməyə kömək etməkdən ibarətdir" , Dövlət Departamentinin sözçüsü qeyd edib.