“Burada bizim yekun məqsədimiz Ermənistan və Azərbaycan arasında münasibətlərin dinc şəkildə həllidir".
Bu sözləri oktyabrın 19-da ənənəvi brifinqdə Turan agentliynin müxbirinin Avropa İttifaqı missiyasının göndərilməsinin regionda uzunmüddətli sülhün bərqərar olmasına kömək edib-etməyəcəyi barədə sualına cavabda Dövlət Departamentinin nümayəndəsinin müavini Vedant Patel deyib:
"Biz buna ümid edirik. Dövlət katibi Entoni Blinken, səfir Filip Riker və bu binada işləyən digər şəxslər də buna çağırır. Mən hadisələri qabaqlamaq istəmirəm, amma, əlbəttə ki, burada bizim yekun məqsədimiz Ermənistan və Azərbaycan arasında münasibətlərin dinc şəkildə həllidir," o qeyd edib.
Xatırlatma
Avropa İttifaqı Şurası regionda vəziyyətin monitorinqi, təhlili və hesabat üçün Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca 40-a yaxın monitorinq üzrə ekspertin göndərilməsi barədə qərar qəbul edib.
Bu qərar oktyabrın 6-da Azərbaycan prezident İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında dördtərəfli görüş zamanı qəbul edilib.
“Məqsəd bölgədə sülhün və təhlükəsizliyin bərpasına, etimadın möhkəmləndirilməsinə və iki dövlət arasında beynəlxalq sərhədin delimitasiyasına kömək etməkdir,” Avropa İttifaqının məlumatda deyilir.
Monitorinq missiyası müvəqqəti xarakter daşıyacaq və iki aydan çox sürməyəcək.