Antoni Blinken Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasını alqışlayır

ABŞ Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasını alqışlayır və bu vəziyyəti saxlamağa çalışacaq.

Bu barədə ABŞ Dövlət Katibi Antoni Blinken twitter hesabında yazıb.

“Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz üçün dinc və firavan gələcəyin təşviqinə sadiqdir,” o, qeyd edib.

Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Dövlət Katibi həmçinin sentyabrın 15-də Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb.

“Dövlət katibi Blinken Azərbaycan-Ermənistan sərhədində son hərbi əməliyyatlar zamanı insan tələfatı ilə bağlı başsağlığımızı çatdırıb. Dövlət katibi Ermənistan və Azərbaycana məsələlərin sülh yolu ilə həllinə kömək etmək öhdəliyimizi bir daha vurğulayıb. O, diplomatiyanın irəliyə doğru yeganə yol olduğunu deyib və bununla şəxsən məşğul olacağını qeyd edib,” Ned Prays bildirib.

Sentyabrın 12-dən 14-dək Azərbaycan-Ermənistan sərhədinin bəzi istiqamətlərində döyüşlər qeydə alınıb. Tərəflər döyüşlərin başlanılmasında bir-birini günahlandırır.

Hərbi əməliyyatlar zamanı Azərbaycan Müdaifə Nazirliyi 71 hərbçinin, Ermənistan rəhbərliyi isə 105 hərbçinin həlak olduğunu bildirib.

Azərbaycan tərəfi yüzədək erməni hərbçisinin cəsədini birtərəfli qaydada Ermənistana təhvil verməyə hazır olduğunu bəyan edib.

Dövlət Katibi Blinken sentyabrın 12-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrı telefon söhbəti zamanı Ermənistan-Azərbaycan sərhədində gərginliyi müzakirə edib və ABŞ-ın hərbi əməliyyatları dərhal dayandırmağa çağırdığını qeyd edib.