Prezident İlham Əliyev sentyabrın 2-də İtaliyanın Cernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirilən beynəlxalq forumda çıxışı zamanı bildirib ki, Azərbaycan Avropaya qaz ixracını iki dəfə artırmağı və tədarük coğrafiyasını genişləndirməyi planlaşdırır.
“Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Azərbaycan on ildən artıqdır ki, qonşu dövlətlər üçün etibarlı qaz ixracatçısıdır,” o qeyd edib.
Prezident vurğulayıb ki, Cənub Qaz Dəhlizinin son həlqəsi olan TAP (Trans-Adriatik boru kəməri) kəməri işə salındıqdan sonra Azərbaycan Yunanıstan, Bolqarıstan və İtaliyaya qaz ixrac etməyə başlayıb.
TAP istismara verildiyi vaxtdan (31 dekabr 2020-ci il) Avropaya 13,5 milyard kubmetr qaz tədarük edilib, bunun da 11,7 milyar kub metri İtaliyaya tədarük olunub.
“Bu il biz ixracın həcmini artırmağı və İtaliya bazarına təqribən 10 milyard kubmetr qaz ixrac etməyi planlaşdırırıq,” Əliyev bildirib.
O, İtaliyaya budəfəki səfərini “çox uğurlu” adlandırıb.
İtaliya prezidenti və baş naziri ilə görüşlərdə iki ölkə arasında strateji tərəfdaşlıq məsələləri müzakirə olunub.
Bu ilin yayında Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış Enerji Anlaşma Memorandumu enerji sektorunda gələcək əməkdaşlıq üçün yol xəritəsi rolunu oynayacaq.
“Bu sənədə əsasən deyə bilərəm ki, biz Avropaya təbii qaz ixracını iki dəfə artırmağı planlaşdırırıq,” Azərbaycan prezidenti vurğulayıb.
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra qaz tədarükü məsələsi Avropanın əsas gündəmlərindən birinə çevrilib.
Onun sözlərinə görə, tikintisi başa çatmaqda olan Yunanıstan-Bolqarıstan İnterkonnektoru və İonika-Adriatika boru kəməri layihəsi Azərbaycan qazının üç Balkan ölkəsinə nəqlini təmin edəcək.
Əliyevin sözlərinə görə, Azərbaycana son vaxtlar 10-dan çox ölkədən: Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan və digərlərindən qaz tədarükünün artırılması və ya qaz təchizatına qoşulma tələbi ilə müraciətlər daxil olub.
"Avropanın artan tələbatını ödəmək üçün əlbəttə ki, sıx əməkdaşlığa və koordinasiyaya ehtiyacımız var," Əliyev bildirib.
Bu məqsədlə Bakı artıq Avropa İttifaqı ilə elektrik enerjisi, hidrogen və yaşıl enerji sahələrini də əhatə edən dialoqa başlayıb.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bildirib ki, İtaliya Azərbaycanla enerji əməkdaşlığını genişləndirməkdə maraqlıdır.
“Azəbaycan qazının 2020-ci ilin dekabrından Avropaya nəqli başlayandan iki ölkə arasında enerji əməkdaşlığı yeni müstəviyə keçib. Əgər 2020-ci ilədək İtaliya Avropada Azərbaycan neftinin ən böyük istehlakçısı hesab edilirdisə, məhz indi Azərbaycanın Avropaya ixrac etdiyi qazın 85 faizi İtaliyanın payına düşür,” ekspert Amerikanın Səsinə deyib.