Ali Məhkəmə jurnalistin kassasiya şikayətini təmin etməyib

Bu gün, iyulun 13-də Azərbaycan Ali Məhkəməsi hakim Ələsgər Novruzovun sədrliyi ilə hüquq müdafiəçisi və jurnalist Elçin Məmmədin cəzasının üçdə birini çəkməsi ilə əlaqədar şərti azadlığa buraxılmasından imtina barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətini təmin etməyib.

Bu barədə Amerikanın Səsinə "Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" təşkilatından bildiriblər.

Ali Məhkəmənin spiker hakimindən və mətbuat xidmətindən jurnalistin kassasiya şikayətinin təmin edilməməsi barədə qərarla bağlı şərh almaq cəhdimiz baş tutmayıb. Dəfələrlə zənglərimizə baxmayaraq telefonlara cavab verən olmayıb. Amma, Ali Məhkəmənin spiker hakimi bir qayda olaraq məhkəmənin qərarının şərh edilmədiyini, yerinə yetirildiyini bildirir. Onun fikrincə, qərardan razı qalmayan tərəf Ali Məhkəmənin Plenumuna şikayət verə bilər.

Ötən il dekabrın 9-da hakim Həsən Əhmədovun sədrliyilə Bakı Apellyasiya Məhkəməsi Elçin Məmmədin Suraxanı rayon Məhkəməsinin qərarından verdiyi şikayəti təmin etməyib.

Proses zamanı Məmməd deyib ki, 16 saylı koloniyadan məhkəməyə verilən xasiyyətnamə "reallığı əks etdirmir və sifariş əsasında tərtib edilib".

Xasiyyətnamədə qeyd olunur ki, Məmməd "müvafiq davranış normalarına, etik qaydalara, personal və digər məhbuslarla ünsiyyətə əməl olunmasında səmimiyyət göstərmir".

Bu zaman Məmmədin koloniyadakı videomüşahidə kameralarındakı qeydlərə baxmaq məqsədilə müstəqil monitorinq qrupunun yaradılması barədə verdiyi vəsatət təmin edilməyib.

Məmməd Ali Məhkəmənin Plenumunun 8 oktyabr 2010-cu il tarixli qərarına istinad edib. Həmin qərara əsasən bu cür müraciətlərə baxarkən məhkəmələr subyektiv mülahizələrin dəlilləri ilə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətlərə tam, hərtərəfli və obyektiv baxılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər.

Məmməd Apellyasiya Məhkəməsində bildirib ki, həbsinin sifarişçilərinin iradəsi yerinə yetirilir, onlar jurnalisti mümkün qədər uzun müddətə həbsdə saxlamaq istəyirlər.

Xatırladaq ki, bu il iyulun 1-də Bakının Sabunçu rayon Məhkəməsi səyyar iclasında Elçin Məmmədin həbs cəzasının yarısını çəkməsi ilə əlaqədar vaxtından əvvəl şərti azadlığa buraxılması haqqında ərizəsini də təmin etməyib.

17 oktyabr 2020-ci ildə Sumqayıt Şəhər Məhkəməsi "Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" qeyri-hökumət təşkilatının rəhbəri və "Yüksəliş naminə" saytın redaktoru Elçin Məmmədi "oğurluq" və "döyüş sursatlarının və silahların qanunsuz saxlanılmasında" təqsirli bilərək 4 il müddətinə azadlıqdan məhrum edib.

Hüquq müdafiəçisi 2020-ci ilin martında həbs edilib. Hüquqi yardım göstərdiyi qadın ondan şikayət edib. Bundan əvvəl həmin qadın criminal.az saytının redaktoru Anar Məmmədovdan da şikayət edib.

Elçin Məmməd cinayət işini öz hüquq-müdafiə fəaliyyətilə əlaqələndirir.

Amnesty International, PEN, FIACAT və digər beynəlxalq təşkilatlar onun həbsini pisləyib. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.