Fəallar Suriya silahlı qüvvələrinin şənbə günü Homs şəhərini güclü atəşə tutduğunu bildirir.
Britaniyada yerləşən Suriya İnsan Hüquqları Monitorinq qrupunun verdiyi məlumata görə, Homsun Xaldiyyə rayonu və yaxınlıqdakı Quseyr şəhərinin atəşə tutulması nəticəsində üç nəfər həlak olub.
Homs Suriyada bir ildir sürən iğtişaşlarda ən ağır döyüşlərin getdiyi şəhərdir. Türkiyə ilə sərhəddə yerləşən İdlib vilayətində də toqquşmalar nəticəsində bir nəfərin öldüyü xəbər verilir.
Suriyada zorakılıqların davam etdiyi zaman BMT və Ərəb Liqasının xüsusi nümayəndəsi Kofi Annan Rusiyanı atəşkəsə dair beynəlxalq çağırışlara və Suriyada siyasi dialoqa dəstək verməyə razı salmaq səyləri çərçivəsində Moskvaya gəlib. Cənab Annan bazar günü Rusiya prezidenti Dmitri Medvedev və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla gürəcək. Bundan sonra o, gələn həftə Çin rəsmilərilə Suriyada vəziyyəti müzakirə etmək üçün Pekinə yollanacaq.
Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı əvvəlki qərarlarına veto qoyub. Bununla belə, hər iki ölkə son günlər Təhlükəsizlik Şurasının cənab Annanın altı maddədən ibarət sülh planına dair qətnaməsinə dəstək verib.