"Amerikaya gəlməmişdən əvvəl mən yemək bişirə bilmirdim. Yemək bişirməyi bura gəldikdən sonra öyrənmişəm. Fikirləşdim ki, yaratdığım blog vasitəsilə mənim kimi yemək bişirə bilməyənlərə köməyim olar. Əsas məqsədim isə bu idi ki, Azərbaycan mətbəxini, yemək mədəniyyətini dünyaya tanıdım. Çünki bloga İngilis dilində yazmaqla başlamışam, sonradan Azərbaycan dilində də davam etdirmişəm".
Çoxları bu sözlərin müəllifi olan Fəridə Buyuranın özünü tanımasa da, yemək bişirmək üçün onun azcookbook.com adlı veb səhifəsindən və ya kitabından istifadə edib. Bu gün Amerikana proqramı Fəridə xanımın Los Ancelesdəki evində qonaqdır. Proqramda onun özü və ailə üzvləri ilə yaxından tanış olmaq, Amerikada təndir çörəyinin necə bişirilməsinə şahidlik etmək və Fəridə xanımın həyat hekayəsini öyrənmək, eləcə də kitablarının ərsəyə gəlmə prosesini öz dilindən eşitmək imkanınız var. Beləliklə, Amerikana proqramının qonağı müəllifi olduğu "Nar və Zəfəran" kitabı ilə bir neçə beynəlxalq mükafata layiq görülərək Azərbaycan mətbəxini dünyada tanıdan Fəridə Buyurandır.