Accessibility links

Tural Bədirxanlı: “Pula azadlıq üçün resurs kimi baxmışam” [Amerikana]


Amerikana - Tural Bədirxanlı: “Pula azadlıq üçün resurs kimi baxmışam”
please wait

No media source currently available

0:00 0:11:02 0:00

Amerikana - Tural Bədirxanlı: “Pula azadlıq üçün resurs kimi baxmışam”

Amerikananın qonağı hazırda Twitter-də çalışan MIT məzunu Tural Bədirxanlıdır

Amerikana programında yenidən sizi xoş gördük. Bu gün biz dünyanın ən məşhur sosial şəbəkələrindən biri olan Twitter-in Nyu-York ofisindəyik, qonağımız isə gənc azərbaycanlı Tural Bədirxanlıdır.

MİT - Masaçusets Texnologiya İnsitutunun məzunu olan Tural ABŞ-da daha digər 2 həmkarı ilə birlikdə Namo Media interaktiv reklam proqramını yaradıb və onu Twitter-ə satıb və özü də hazırda Twitter-də çalışır. Tural Bədirxanlının Amerikanın Səsinə müsahibəsini təqdim edirik:

Emil Quliyev: Tural uzun müddət səninlə Silikon Vadisində müsahibə aparmağı plaşdırsaq da, müsahibəmiz Nyu-Yorka təsadüf etdi. Artıq bir neçə aydır Nyu-Yorka köçmüsən. Kaliforniyadan bezdinmi, yoxsa iş səni Nyu-Yorka köçməyə vadar etdi?

Tural Bədirxanlı: Mən Bostonda oxuyanda Nyu-Yorka gəlib gedirdim. Buradan xoşum gəlirdi və əslində universiteti bitirəndən sonra burada işləmək, bir müddət burada qalmaq istəyirdim. Elə oldu ki, 2009-cu ildə Amerikada böyük maliyyə böhranı oldu və ona görə çoxlu şirkətlərin buradakı ofisləri, banklar, konsaltinq şirkətləri bağlandı və ya onlar işçi qəbul etmədilər. Bu səbəbdən o vaxt burada qalmaq o qədər də maraqlı deyildi. Ancaq Kaliforniyada Silikon Vadisində mənim daxil olduğum admob şirkətində və bir neçə başqa yerdə daha maraqlı təkliflər var idi. Ona görə ora getmək qərarına gəldim. Amma elə oldu ki, biz şirkəti satdıq və Twitter-in Nyu-York ofisinin də yeni formalaşması nəticəsində yeni ideyalar meydana çıxdı və onların üzərində işləmək üçün imkanlar yarandı. Həm o, həm də ki, mənim Nyu-Yorka qalıb burada işləmək istəyim üst-üstə düşdü və beləcə bura gəldim.

Emil Quliyev: Sözsüz ki, Azərbaycanda səni çox insan tanıyır. Amma təbii tanımayanlar da var. Özün haqqında qısa məlumat verməyini xahiş edərdim.

Məktəbi qurtarandan sonra həmişə xaricdə oxumaq istəyirdim. Amma imkanlar haqqında heç xəbərim yox idi. Amerika haqqında, necə qəbul olmaq haqqında xəbərim yox idi. Həmişə düşünürdüm ki, Amerikaya gedib oxumaq üçün külli miqdarda pul lazımdır ki, universitet pulunu ödəyəsən.

Tural Bədirxanlı: Qubada oxuyub, böyümüşəm. Qubadakı türk litseyini bitirmişəm. Məktəbi qurtarandan sonra həmişə xaricdə oxumaq istəyirdim. Amma imkanlar haqqında heç xəbərim yox idi. Amerika haqqında, necə qəbul olmaq haqqında xəbərim yox idi. Həmişə düşünürdüm ki, Amerikaya gedib oxumaq üçün külli miqdarda pul lazımdır ki, universitet pulunu ödəyəsən. Mənimsə elə imkanım yox idi. Ona görə onu heç düşünmürdüm. Beləcə Türkiyəyə oxumağa getdim. Boğaziçi Universitetinə qəbul olmuşdum və ora oxumağa getdim. İlk ili orada oxuduğum müddətdə Amerika haqqında çox öyrəndim. Öyrəndim ki, burada universitetlər var ki, “Need blind admission” siyasəti yürüdürlər, yəni universitetə qəbul zamanı maliyyə vəziyyətinizdən asılı olaraq sizi qəbul edirlər. Sizin pulunuz var, yoxdu, onlar üçün dəxli yoxdu. Onlar ehtiyaca görə təqaüd verirlər, yəni sizə lazımi qədər maliyyə dəstəyi göstərirlər. Bunları öyrənəndən sonra bu imkanları verən universitetləri araşdırmağa başladım. Məlum oldu ki, 5-6 universitet - Harvard, MIT, Prinston, Yale kimi universitetlər var ki, bu imkanları verir. Onlara müraciət etdim və elə oldu ki, MIT-yə qəbul oldum, Amerikaya gəldim.

Emil Quliyev: Amerikanın, daha doğrunu dünyanın bir nömrəli texnologiya univesitetindən məzun olmusan. Buna qədər isə Azərbaycan və Türkiyədəki təhsil sistemi ilə tanış idin. MİT bitirməmiş Tural, hazırki Tural ola bilərdimi?

MIT-nin mənə ən çox verdiyi şeylərdən biri o oldu ki, orada bizə öyrənməyi öyrətdilər. Bunu necə edirdilər? Elə bilin ki, sizə üzməyi öyrətmək üçün sizi hovuza atırlar. Ya su ilə dolu hovuzda üzəcəksən, ya da batacaqsan.

Tural Bədirxanlı: 18 yaşımda Amerikaya gəldim və fərqli mədəniyyətdən Amerikaya gəldiyimə görə çox şeylər mənim üçün fərqli idi. Amma cavan vaxtda bura gəlməyin çox köməyi oldu, çünki buradakı mədəniyyəti, dəyərləri, insanları anlamaq prosesi daha sürətlə getdi. O yaşdan bunları görməyə başladım və bu mühitə adoptasiya etməyi öyrəndim. Amerikaya gəlməyin üstün cəhətlərindən biri o oldu. İkincisi, MIT-dən danışsam, universitetin mənə ən çox verdiyi şeylərdən biri o oldu ki, orada bizə öyrənməyi öyrətdilər. Bunu necə edirdilər? Elə bilin ki, sizə üzməyi öyrətmək üçün sizi hovuza atırlar. Ya su ilə dolu hovuzda üzəcəksən, ya da batacaqsan. Bu prosesdə öyrənməyi öyrədirlər. Orada həm rəqabət şəraitinə, həm də həyat uğrunda mübarizə halına düşürsən. Bu, mənim həyatımda böyük transformasiyaya səbəb oldu. Dərslərdə, müəllimlərdən öyrəndiklərim unudula bilər, amma bu dəyərlər daha uzun müddət qalır və bu dəyərlərin mənə böyük köməyi oldu.

Emil Quliyev: Haqqında danışdığın bu mübarizə Namo Medianın yaranması ilə nəticələndi. 3 təsisçi və onlardan biri də sən. Bunu, karyeranda və ya elə həyatında dönüş nöqtəsi hesab etmək olarmı?

Tural Bədirxanlı
Tural Bədirxanlı

Tural Bədirxanlı: Həyatımda bir neçə mərhələ olub ki, o vaxtlarda böyük imkanlar yaranıb. Bəlkə Namo Medianın qurulması onlardan biridir. 2012-ci ilin əvvəlində Google-dan ayrıldım və Silikon Vadisinin imkanlarından istifadə etmək qərarına gəldim. Çünki Silikon Vadisinin imkanlarından biri də odur ki, burada külli miqdarda resurslar var. Orada mentor resurslar, şirkət qurmuş insanlar, venture capital-lar (investisiya kapitalları) var ki, onlar yaxşı ideyaların arxasında dururlar, onları maliyyələşdirirlər. Burada iş görmək, biznes aparmaq üçün böyük şirkətlər var. Bu imkanlar hamısı bir yerdə, bir regiona - Silikon Vadisinə yığılıb. Mən də bu imkandan istifadə etmək istədim və beləcə yola düşdüm.

Emil Quliyev: Texnologiya elmindən uzaq bir insan kimi maraqlıdır ki, Namo Media nədir, necə işləyir, bunun bizneslərə, xüsusilə də Tvitterə nə kimi faydaları var?

Tural Bədirxanlı: Namo Medianın fundamental həll etdiyi problem o idi ki, iPhone, Android telefonlarda yazılmış applikasiya sahibləri, yəni onları yazan adamlar ondan pul qazanmaq istəyirlər. Biz də o insanların o applikasiyalardan pul qazanması üçün imkan yaratdıq. Yalnız bizim fərqli cəhətimiz o idi ki, bizim pul qazanmaq üçün qoyduğumuz reklamlar tamamilə fərqli formatda idi. Həmin dövrdə o formatdan yalnız Facebook və Twitter istifadə edirdi. Onlar bu formatı öz platformaları üçün düzəltmişdilər, amma onların milyardlarla dollar dəyərində olan şirkətlərdir. Ona görə, bu şirkətləri bu formatlı reklamı öz platformalarına qoya bilirlər. Bizim yaratdığımız texnologiya ondan ibarət idi ki, bütün başqa şirkətlər - bunlar arasında Fox News, ESPN kimi şirkətlər var - bizim texnologiyadan isfadə edərək yeni reklam növünü öz applikasiyalarına yerləşdirə bilirlər. Bu reklam növünün adı “Native advertisement” (Təbii reklam) idi. Necə ki, Facebook-un xəbər axınında reklamlar görmüsünüz yəqin. O, tamamilə fərqli format reklamdır. Bu formatda reklamdan başqa applikasiyaların istifadəsi üçün texnologiya yaratdıq.

Emil Quliyev: Artıq bir ildir ki, Twitter sizin yaratdığınız şirkəti aldığını elan edib. Dəqiq rəqəm açıqlamasa da, bir neçə veb səhifələr etibarlı mənbələrə istinadən rəqəmin 50 milyon dollardan ibarət olduğunu yazıb. Cəmi 3 təsisçi olduğunu nəzərə alsaq, insanlarda belə bir təəssürat yaranıb ki, sən artıq milyonçusan, özü də bu yaşında. Necə hissdir?

Əslində milyonçu deyiləm, bank hesabımı sizə göstərə bilərəm (gülür), paylaşa bilərik. Pul məsələsi elədir ki, mən pul faktoruna yalnız azadlıq və öz istədiyim işlə məşğul olmaq üçün bir resurs kimi baxmışam və həmişə elə olub.

Tural Bədirxanlı: Əslində milyonçu deyiləm, bank hesabımı sizə göstərə bilərəm (gülür), paylaşa bilərik. Pul məsələsi elədir ki, mən pul faktoruna yalnız azadlıq və öz istədiyim işlə məşğul olmaq üçün bir resurs kimi baxmışam və həmişə elə olub. Bu müddət Google-da işləyəndə pul yığdıqdan sonra bu pulu götürüb işdən çıxdım və bu müddətdə yeni ideyalar üzərində işləmək üçün bunu investisiya etdim. Həmin bu pul resursuna yenə də eyni ilə baxıram. Pul gələcəkdə yeni ideyaların üstündə işləmək, yeni potensial insanlara investisiya qoymaq üçün bir resursdur.

Emil Quliyev: İndi nəyin üzərində işləyirsən? Yeni start-up ideyalar varmı, yoxsa Namo Medianı təkmilləşdirməklə məşğulsan?

Tural Bədirxanlı
Tural Bədirxanlı

Tural Bədirxanlı: Biz Twitter-lə imzaladığımız müqavilə nəticəsində mən bir müddət burada qalmalıyam və bəzi işlərdə köməklik etməliyəm. Bir il Namo Media məhsulunu Twitter-ə inteqrasiya etdikdən sonra mən artıq indi Twitter-in parçası olaraq daha fərqli layihələr üzərində işləyirəm. Daha çox Twitter-in özünün applikasiyası üzərində çalışıram. Detallar barədə çox dərinə gedə bilmərəm amma Nyu-Yorka gəlməyimin səbəblərindən biri də odur ki, buradakı Twitter-ə aid yeni ideyalar üzərində işləyim və onları təkmilləşdirim. Yeni ideyalar həmişə var. Özümün yeni ideyaları üstündə arada işləyirəm. Amma bir müddətdən sonra Twitter-dən ayrıla bilərəm və yeni ideyalar üzərində işləmək haqda fikirləşirəm.

XS
SM
MD
LG