Accessibility links

Amerikana: Niaqara şəlaləsi – təbiət möcüzəsi [Video]


Amerikana: Niaqara şəlaləsi – təbiət möcüzəsi
please wait

No media source currently available

0:00 0:09:23 0:00

Amerikana: Niaqara şəlaləsi – təbiət möcüzəsi

ABŞ və Kanadanı ayıran Niaqara çayının üzərində yerləşən şələlənin səsi 25 kilometr uzaqlıqdan eşidilir

Amerikana proqramında bu dəfəki səfərimiz Vaşinqtondan şimala – ABŞ – Kanada sərhədinədir. Paytaxtdan Niaqara şəlaləsinə aparan 650 kilometr yol özü bir istirahətdir.

Dünyanın ən gursulu şəlalələrindən olan Niaqara şələləsinin səsi 25 kilometr uzaqlıqdan eşidilir. ABŞ və Kanadanı ayıran Niaqara çayının üzərində yerləşən bu şəlalə 3 şəlaləni özündə birləşdirir. Amerika və Gəlin Fatası şələlələri ABŞ-ın Nyu-York ştatı, daha böyük Nal şəlaləsi isə Kanadanın Ontario vilayəti ərazisində yerləşir.

Hündürlüyü 57 metr olan Nal şəlaləsindən bir saniyədə 2 milyon 554 min litr su tökülür. 762 metr uzunluğundakı bu şəlalə Niaqara çayını ikiyə bölərək şəlalələrin yaranmasına yol açmış Keçi adasının sol sahilindədir.

Keçi adasının sağ sahillərində isə Amerika və Fata şəlalələri yerləşir. Fata şələləsi çox kiçik olduğundan bəzən hər iki şəlalə birlikdə Amerika şəlaləsi adlandırılır. Bu iki şəlalənin ortasında isə kiçik Luna adası yerləşir.

İki şəlalənin birlikdə uzunluğu 335 metr, hündürlüyü isə 54 metrdir. Geoloji məlumatlara görə Niaqara şəlaləsi Amerikanın məşhur Böyük Gölləri ilə eyni dövrdə, təxminən 10 min il əvvəl yaranıb. Hazırda şəlalənin altında mövcud olan su elektrik stansiyası 4,4 Gigavatt gücündə elektrik enerjisi hasil edir.

Niaqara şəlaləsi Amerikanın, eləcə də dünyanın ən çox turist cəlb edən yerlərindən biridir. Əslən Çindən olan Vey Yu hazırda ABŞ-ın Miçiqan ştatında yaşayır. O, Niaqaraya cəmi bir günlük gəlib: "Mənim dostum Çindən bizə qonaq gəlib. Bu dəfə ona buranı göstərmək üçün gəlmişik. Artıq 3-cü dəfədir Niaqaraya gəlirəm. Bura möhtəşəmdir. Xüsusilə burada gəmiyə minməyi çox sevirəm".

Gəmi demişkən, gəmiyə minərək, şəlaləni aşağıdan görmək imkanı da tapdım. Mənzərəni və orada keçirdiyim hissi sözlə ifadə etmək mümkün deyil, sadəcə… məsləhətdir!

Əslən braziliyalı olan və hazırda ABŞ-da mübadilə proqramı ilə təhsil alan Luiz Brazil buradakı əzəmətdən şoka düşdüyünü deyir.

  • İnternetdə görüdüyüm şəkillərdən düşünürdük ki, bura o qədər böyük yer deyil. Ancaq buradakı görüntü bizi şoka saldı. Şəlalənin aşağısına da düşmüşdük. Gözlədiyimizdən qat-qat əzəmətli idi.

Niaqaranın Kanada sahilləri də turist diyarı olduğundan oranı da sizə göstərmək qərarına gəldik. Göyqurağı adlanan körpü ilə Kanadaya keçməyimiz cəmi 10 dəqiqə çəkdi.

Bura Amerika tərəfindən xeyli fərqlidir. Niaqara çayı boyu uzanan bulvarda turistlərlə yanaşı çoxsaylı hotellər, kazinolar və başqa əyləncə mərkəzləri var.

"Burada 3 gün qalacağıq. Şəlalələri görməyə, burada olan digər əyləncələri görməyə gəlmişik. Çox gözəl yerdir. Xüsusilə Kanada tərəfindən görüntü çox gözəldir" - deyə Niaqara şəlaləsini Kanadada ziyarət edən amerikalı turist deyir.

Şəlalənin hər iki tərəfində olmuş Ven Yu da bu fikirlə razılaşır: "Fikrimcə mənzərələr fərqlidir. Kanada tərəfdən şəlalənin ümumi görünüşünü görə bilirsən. Oradan mənzərə çox gözəldir. ABŞ tərəfdə isə şəlaləni daha yaxından görə bilirsən. Fikrimcə hər ikisinin öz gözəlliyi var".

Bir neçə saat davam edən Kanada səfərimizi başa vurub, yenidən ABŞ-a geri dönürük. Ancaq əyləncə hələ başa çatmır.

Hər həftənin cümə və bazar günləri isə şəlalənin üzərində atəşfəşanlıq olur.

XS
SM
MD
LG