Accessibility links

Amerikanın Səsi San Fransiskoda [Amerikana]


Amerikanın Səsi San Fransiskoda [Amerikana]
please wait

No media source currently available

0:00 0:11:30 0:00

Amerikanın Səsi San Fransiskoda [Amerikana]

Amerikana proqramı Qərbin Parisi kimi tanınan San Fransisko şəhərində qonaqdır

Dumanlı şəhər kimi tanınan San Fransisko Kaliforniya ştatının Sakit Okean sahilində yerləşir. Şəhərin yumşaq iqlimini və xoş havasını hətta təyyarədən enən kimi hiss etmək mümkündür. İl uzunu burada orta temperatur 20 dərəcə ətrafında olur. Nə isti, nə də soyuq… həmişə yaz havası!

Elə xoş havasına görə, San Fransisko Amerikada Nyu-Yorkdan sonra əhalinin ən sıx məskunlaşdığı şəhərdir. San Fransiskonun liberallığı isə ABŞ-da hamıya məlumdur. Həm sıxlığı, həm də liberallığı şəhərdə gəzərkən asanlıqla hiss etmək olur.

1776-cı ilin iyununda ispan kolonistləri tərəfindən salınan San Fransiskonu 1906-cı ilin tarixə düşmüş zəlzələsi yerlə yeksan edir. Zəlzələ və ardınca yanğın nəticəsində şəhərin 75 faizindən çoxu məhv olur və faciədən sonra şəhər tamamilə yenidən qurulur.

Ümumiyyətlə yanğın şəhərin ən böyük düşmənidir. Yanğınlara səbəb isə - əminliklə deyə bilərəm ki - quraqlıqdır. Bunu şəhərin hər küncündə hiss etmək mümkündür, burada il əzrində cəmi bir neçə gün yağış yağır.

San Fransisko bu gün əsasən texnologiya və müasirliyi ilə tanınsa da, şəhərə tramvay və trolleybuslar gözəllik verir. Cable Cars tramvayları burada çox məşhurdur. Şəhərin dağlıq relyefli küçələrində gəzməkdə çətinlik çəkənlərin köməyinə məhz bu tramvaylar gəlir.

İndi də keçək şəhərin görməli yerlərinə…

… Amma əvvəlcə bildirim ki, San Fransisko Amerikanın yaşayış üçün ikinci ən bahalı şəhəridir. Yəni, şəhərə gələrkən əliniz cibinizdə olsun…

San Fransisko dedikdə ilk ağıla gələn Golden Gate körpüsüdür. Şəhərin simvoluna çevrilmiş Golden Gate Bridge təxminən bir əsr əvvəl - 1921-ci ildə Jozef Straus tərəfindən inşa edilib.

San Fransisko yarımadasını körfəz üzərindən şimalla birləşdirən bu körpünü tarixi edən bir neçə fakt var. 1937-ci ildə istifadəyə verilərkən iqtisadiyyatın inkişafına yol açmaqla yanaşı, Golden Gate 1964-cü ilədək dünyanın ən uzun asma körpüsü olub. Tektonik zonada yerləşməsi və eləcə də Sakit Okeanla birbaşa təmasın olması güclü küləklərin qarşısında körpünü daha da təhlükəli edir. Ancaq bu qırmızı möhtəşəm körpü amortizasiya sisteminin sayəsində bu təhlükələrə illərdir sinə gərə bilir.

Golden Gate şübhəsiz dünyada turistlərin ən çox ziyarət etdiyi körpüdür. Ancaq üstündən qüssə də əskik olmayan bu körpü dünyada intiharların sayına görə ikinci yerdədir. Daha dəqiq desəm, özünü burada atan insanın sağ qalmaq şansı sıfra bərabərdir.

Nə qədər ki, şəhərin bahalığı ilə bağlı dediklərimi unutmamısınız sizi San Fransiskonun mərkəzindəki Union Square ilə tanış edim. Şəhərdəki dəbdəbəni burada bütövlüyü ilə görə bilərsiniz. Bahalı butiklər, restoranlar, hotellər və geniş meydan...

San Fransiskonun ən görməli yerlərindən biri olan Union Square-də ziyarətçilərin ən sevdiyi güşə isə ürək simvoludur.

Kaliforniyanı və eləcə də dünyanın ən məşhur küçələrindən olan Lombard küçəsindəyik. Cəmi bir döngədən ibarət olan çiçəklərlə bəzənmiş bu küçə 8 aşırımdan ibarətdir. Buranı turistlər adətən pilləkənlərlə və ya avtomobillərlə düşürlər.

27 dərəcə maililiyi olan Lombard küçəsi 1922-ci ildə o zamanki maşınların sürüşməməsi üçün bu şəkildə dizayn edilib. Sonradan güllərlə bəzənərək dünyada tanınmağa başlayan küçənin uzunluğu cəmi 180 metrdir.

Turist məkanı olmasına baxmayaraq Lombard küçəsi əslində sadə yaşayış məkanıdır. Yəqin ki, buranın sakinləri dünyanın ən səbirli insanlarıdır. Şəxsən mən nə qədər gözəl olsa da dünyanın ən basırıq küçəsi kimi tanınan bu məhəllə yaşamaq istəməzdim.

Twin Peaks isə San Fransiskonun ən hündür nöqtəsidir. Buradan bütün şəhəri görmək imkanınız var. San Fransiskoya gəlsəniz buraya baş çəkməyi

unutmayın.

Gözəlliklərinə baxmayaraq dünyanın ən qəddar həbsxanası da San Fransiskoda yerləşir. İçəridə çəkilişə icazə verməsələr də, hazırda müzey kimi fəaliyyət göstərən Alkatraz həbsxanasını ziyarət etməyə dəyər. Sadəcə deyim ki, qaçış mümkün olmayan həbsxana kimi tarixə düşən Alkatrazın sakinləri arasında Al Kapone, Avtomat Kelli və Roy Qardner kimi canilər olub.

Golden Gate Park əsasən yerli sakinlərin ən sevimli yerlərindəndir.

Bir ucu şəhərin mərkəzindən başlayan bol oksigenli, çiçəklərlə bəzənmiş, ağaclarla əhatə olunaraq velosiped sürənlər, turistlər və yerli sakinlərə tam mənəvi istirahət bəxş edən Golden Gate Park digər ucda Sakit Okeanı ilə birləşir. Axşamlar isə insanlar okeanın sahilində günəşin batmasını seyr edir.

İstirahətdən sonra əyləncə vaxtıdır. Bunun üçün Pier 39 küçəsinə getmək yetərlidir.

İspancadan liman mənasına gələn Pier küçəsinin özünəməxsusluğu buradan Alkatraz adası, Golden Gate Bridge kimi San Fransiskonun ən gözəl yerlərinin görünməsidir. Və eləcə də burada sizi əyləncə gözləyir.

XS
SM
MD
LG