Accessibility links

Leyla Yunus Prezident Əliyevə açıq məktub yazıb


Leyla Yunus
Leyla Yunus

Məktubda dövlət başçısı sərt tənqid edilir

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus prezident İlham Əliyev iyunun 24-də Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında çıxış etdikdən və Yunusla bağlı deputatın sualına cavab verdikdən sonra bu gün açıq məktubla çıxış edib. Amerikanın Səsinə daxil olmuş müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:

"Prezident İlham Əliyevə açıq məktub

Hörmətli cənab prezident,

AŞ-da Sizin çoxillik hüquq müdafiə fəaliyyətim ərzində mənə qarşı ardı-arası kəsilməyən təzyiqin səbəbləri ilə bağlı cavabınızı dinlədim. Cavab, yumşaq desək, qeyri-dəqiqliklərlə dolu idi.

Mən prokurorluqda Azərbaycan Respublikasının əməkdar jurnalisti, Gerd Bruserius adına mükafatın laureatı Rauf Mirqədirova qarşı saxta cinayət işi üzrə şahid qismində ifadə verməkdən qaçmaq məqsədilə ölkəni tərk etmirdim. Biz həyat yoldaşımla birlikdə Brüsseldə aprelin 30-da keçiriləcək konfransa dəvət edilmişdik. Hava limanında saxlanılmağımız Azərbaycan Respublikasının qanunvericiliyinin, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi üzrə Avropa Konvensiyası”nın 3 və 5-ci maddələrinin pozuntusu ilə müşayiət edilib. Bizdən ölkəni tərk etməmək haqqında iltizam alınmamışdı, məhkəmənin haqqımızda ölkəni tərk etməyin qadağan edilməsi, həbs qətimkan tədbiri seçilməsi barədə qərarı yox idi. Pasportlarımızın əlimizdən alınması və şəxsi bank hesablarımıza həbs qoyulması hüquqi özbaşınalığın növbəti dəlilidir.

Cənab prezident, Siz Strasburqda çıxış edərkən dediniz ki, "artıq neçə həftədir mən şahid qismində ifadə verməkdən yayınıram". Bu, doğru deyil.

Aprelin 28-29-da məni 26 saatdan çox yuxusuz göz altında saxladılar. Aprelin 29-da isə səhər saat 07.00-dan 16.00-a qədər 9 saat prokurorluqda ifadə verdim. Təkcə məni 9 saat ərzində general-mayor Eldar Əhmədovun rəhbərliyi ilə 4 müstəntiq dindirib!

Mayın 29-da düz bir ay sonra məni yenidən prokurorluğa dəvət ediblər. Mən isə cavab verdim ki, "qanunsuz olaraq əlimizdən alınmış pasportlarımızı qaytarın, bundan sonra dindirilməyə gələrəm".

Cavabınız açıq-aşkar göstərirdi ki, 11 avqust 2011-ci ildə evimizin içərisindəki əmlakla birlikdə buldozerlə dağıdılması haqqında sərəncamı şəxsən Siz vermisiniz, məhz Siz Hacıbala Abutalıbova məhkəmənin qərarını yerinə yetirməyə və bizə məhkəmənin təyin etdiyi kompensasiyanı ödəməyə icazə vermirsiniz. Siz şəxsən pasportlarımızın əlimizdən alınması və ölkədə əsir kimi saxlanılmağımız haqqında əmr vermisiniz.
Leyla Yunus

Cənab prezident, mənə qarşı təzyiq haqqında suala cavab verərkən dediniz ki, hakimiyyətə təzyiq göstərirəm və hətta polisə qarşı fiziki zorakılıq tətbiq etmişəm. Aprelin 29-na keçən gecə polisin hüquqazidd əməlləri həyat yoldaşımı mikro-insult həddinə çatdırdıqda və müstəntiq İbrahim Ləmbəranski "Təcili yardım" həkimlərini onun yanına buraxmadıqda mən polisin başından papağını çıxarıb yerə atdım. Bizi belə tərbiyə ediblər – “tualetə girib, ehtiyacımı təmin etməyimi müşahidə etməyi özünə rəva bilən insan kişi deyil!”

Belə bir insan kişi şapkası və qanun keşikçisi papağı taxmağa layiq deyil! Ailənizdəki qadınlardan soruşun necə hərəkət etmək lazım idi...

Cavabınız açıq-aşkar göstərirdi ki, 11 avqust 2011-ci ildə evimizin içərisindəki əmlakla birlikdə buldozerlə dağıdılması haqqında sərəncamı şəxsən Siz vermisiniz, məhz Siz Hacıbala Abutalıbova məhkəmənin qərarını yerinə yetirməyə və bizə məhkəmənin təyin etdiyi kompensasiyanı ödəməyə icazə vermirsiniz. Siz şəxsən pasportlarımızın əlimizdən alınması və ölkədə əsir kimi saxlanılmağımız haqqında əmr vermisiniz.

Mənim Sizə verəcək heç nəyim yoxdur. Həyatımızın əsas qaydası qanunun hər nöqtəsinə dəqiqliklə riayət etməkdir. Buna görə Siz məni təqib edərək, qanunu pozmağı əmr edirsiniz...

Şübhəsiz, cənab Prezident, Sizə minnətdaram, Siz mənim özümə verdiyim qiyməti xeyli yüksəltdiniz. Bu günə qədər mən ailəmin, yaxınlarımın, həmkarlarımın başına gələn bütün dəhşətlərin arxasında şəxsən Sizin - Prezidentin durduğuna tam inanmırdım. Baxmayaraq ki, ölkə başçısının şəxsi qərəzinin nə olduğunu bilirəm: Vəzirov da, Mütəllibov da dəfələrlə mənim ünvanıma çox sərt fikir bildiriblər. Mərhum atanız daha müdrik idi, mənim real təhlükə mənbəyi olmadığımı anlayırdı, emosiyalarına yenilmirdi və praqmatik siyasətçi şəxsiyyətini qoruyub saxlayırdı.

Sizin üçün məni məhv etmək çətin olmaz. Çox sayda variant var və əsir saxlamaq onlardan biridir. Sizin məzuniyyətlər dövründə, ictimaiyyətin məlumatlandırılmasının daha çətin olduğu bir dövrdə hücuma keçəcəyinizi təxmin etmək çətin deyil. Məhv edə bilərsiniz, amma heç vaxt qələbə qazana bilməzsiniz. Tarixi təzədən yazmaq olmaz, hər kəs öz yerini tutub. Siz tarixdə prezident İlham Əliyev - Heydər Əliyevin oğlu kimi deyil, qadın hüquq müdafiəçisi Leyla Yunusu əyə bilməyən, ona qalib gələ bilməyən və onu amansızlıqla məhv edən prezident kimi qalacaqsınız.

Seçim SİZİNDİR....

Leyla Yunus

Mövzuya uyğun

XS
SM
MD
LG