Accessibility links

Kəlbəcərdən olan girovlar azad edilməyəcək


Girov Dilqəm Əsgərov
Girov Dilqəm Əsgərov

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan fevralın 17-də ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və İqor Popovu (Rusiya), habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.

Turan agentliyi Ermənistan xarici işlər nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Nalbandyan Azərbaycanı çoxillik danışıqlar prosesini və Qarabağ münaqişəsinin tənzimlənməsinin əsas prinsiplərini pozmaq cəhdində ittiham edib.

Bakı Qarabağ münaqişəsindən öz ölkəsində siyasi repressiyalara bəraət qazandırmaq üçün istifadə etməyə çalışır.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Böyük Sülh Müqaviləsinin müddəaları üzərində işə başlamaq çağırışlarına cavabda Nalbandyan deyib ki, Ermənistan və Qarabağ razılıq verərsə, bu, mümkün olacaq.

Ermənilərin nəzarətində olan Azərbaycanın Kəlbəcər rayonunun keçmiş sakinləri və Ermənistanda diversiyaçı kimi mühakimə edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyinə toxunan Nalbandyan deyib ki, Bakının onların azad edilməsinə nail olmaq cəhdləri əbəsdir.

“Onların cinayəti, o cümlədən 17 yaşlı gəncin oğurlanması, işgəncəyə məruz qoyulması və amansızca öldürülməsi sənədləşdirilib və sübut edilib”, o qeyd edib.

Sabah ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland Yerevanda olacaq, o da həbs edilmiş kəlbəcərlilər məsələsini qaldırmağı vəd edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə dediklərini şərh edib.

“Ermənistan xarici işlər naziri təəssüf doğuran ziddiyyətli şərhləri ilə regionda kimin sülh və təhlükəsizliyin bərqərar olmasına real əngəl yaratdığını bir daha göstərib”, mətbuat xidmətinin rəhbəri bildirib.

Hacıyev hesab edir ki, davam edən gərginliyə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.

“Qeyd olunan “Dağlıq Qarabağ” heç vaxt əsas prinsiplərin hazırlanması üzrə danışıqların hər hansı mərhələsində iştirak etməyib. Göründüyü kimi, Ermənistan tərəfi növbəti dəfə bütün mümkün metodlarla əsaslı danışıqların başlanmasına əngəl yaratmağa çalışır”, o qeyd edib.

XS
SM
MD
LG