Accessibility links

Kəlbəcərdə azərbaycanlıları girov götürənlərə qarşı cinayət işi açılıb


Dilqəm Əsgərov və Şahbaz Quliyev məhkəmədə
Dilqəm Əsgərov və Şahbaz Quliyev məhkəmədə

Erməni girovluğunda olan şəxslərlə bağlı cinayət işinin istintaqı Baş prokurorun xüsusi nəzarətinə götürülüb. Baş Prokurorluğun mətbuat xidməti məlumatına görə, 2014-cü ilin iyulunda Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun yaxın qohumlarının məzarlarını ziyarət etmək məqsədilə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonunun ərazisində olub.

“Bu zaman münaqişə tərəfinin silahlı qüvvələrinin tərkibinə daxil olmayan və bilavasitə döyüş əməliyyatında iştirak etməyən mülki şəxslər olmalarına baxmayaraq, Ermənistan hərbiçiləri tərəfindən əsir götürülərək onlara işgəncələr verilməsi, beynəlxalq hüquq normalarına qəsdən zidd olaraq həbs edilib prosessual hüquqlardan məhrum edilməklə Həsən Həsənovun odlu silahla qəsdən öldürülməsi, Şahbaz Quliyev və Dilqəm Əsgərovun barəsində isə heç bir dövlət tərəfindən tanınmayan, qondarma “Dağlıq Qarabağ Respublikası” adından saxta ittihamlar irəli sürülərək hökm çıxarılması faktları üzrə Kəlbəcər rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin 115.2 (Müharibə qanunlarını və adətlərini pozma), 115.4, 116.0 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və 116.0.18-ci maddələri ilə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir,” məlumatda qeyd edilir.

Xankəndi şəhərində dekabrın 29-da Dilqəm Əsgərov və Şahbaz Quliyevə hökm oxunub.

Özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran tanınmamış qurumun məhkəməsinin hokmü ilə Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Şahbaz Quliyev və Dilqəm Əsgərov 2014-cü ilin iyulunda Kəlbəcərdə girov götürülüb. Onlarla birgə Kəlbəcərə gedən Həsən Həsənov isə öldürülüb, cənazəsi oktyabrda alınaraq Bakıda dəfn edilib.

Erməni tərəfin irəli sürdüyü ittihama görə, Dilqəm Əsgərov Kəlbəcərdə erməni Smbat Sakanyanı öldürüb.

Həsən Həsənovun isə Yerevan sakini Sərkis Abramyanı odlu silahla qətlə yetirdiyi, Kotayk vilayətinin sakini Karine Davtyanı yaraladığı iddia olunur.

XS
SM
MD
LG