Accessibility links

Prezident Əliyev: Azərbaycanda heç kim siyasi baxışlarına görə həbs olunmur


Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun
Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun

Prezident bildirib ki, onun opponentlərindən heç biri həbsdə deyil. Hüquq müdafiəçiləri isə ölkədə 80-dən çox siyasi məhbusun olduğunu iddia edir

“Azərbaycanda heç kim öz siyasi baxışlarına görə həbs olunmur. Ölkədə siyasi məhkumlar yoxdur”. İyunun 21-də Brüsseldə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu ilə görüşdən sonra keçirdiyi brifinqdə prezident İlham Əliyev belə deyib.

Jurnalistin sualını cavablandıran prezident bildirib ki, onun opponentlərindən heç biri həbsdə deyil:

“Azərbaycanda siyasi məhbus yoxdur, AŞPA Monitorinq Komitəsinin hesabatını oxusanız, buna əmin ola bilərsiniz. Azərbaycan insan haqları və demokratik inkişaf sahəsində öhdəliklərinə tam riayət edir. Azərbaycan demokratik ölkədir. Ölkədə müxtəlif siyasi partiyalar sərbəst fəaliyyət göstərir”.

APA-nın məlumatına görə, Joze Manuel Barrozu deyib ki, Azərbaycan Sovet İttifaqının – azadlıqların olmadığı totalitar rejimin bir hissəsi olub:

“Ona görə də bu gün müstəqil, suveren ölkə olan Azərbaycandakı vəziyyətə və bir zamanlar mövcud olan Azərbaycandakı vəziyyətə baxsaq, ədalətli olaraq ölkədə böyük tərəqqi olduğunu görmüş olarıq.

Hər ölkənin öz özəllikləri var. Hansısa ölkədə demokratiyadan danışan zaman bu ölkənin öz tarixindən, coğrafiyasından, üzləşdiyi problemlərdən irəli gələn özəlliklərinin olduğunu nəzərə almaq lazımdır. Bu o demək deyil ki, Azərbaycan bu gün bütün standartlara cavab verir. Səmimi qəlbdən güman edirəm ki, tərəqqiyə nail olmaq üçün şəffaflıq və demokratik islahatların keçirilməsi zəruridir. Və tam şəkildə əminəm ki, prezident İlham Əliyev ölkəsinin müasirləşməsi xəttinə bağlıdır və Azərbaycanın imicinin, nüfuzunun qeydinə qalır”.

Azərbaycan prezidenti İlham Əliyev Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyunla da görüşüb.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin müxtəlif sahələrdə inkişafı müzakirə edilib.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları, regional təhlükəsizlik və sabitlik, enerji sahəsində əməkdaşlıq və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Öz növbəsində, hüquq müdafiəçiləri ölkədə 80-dən çox siyasi məhbusun olduğunu bildirir. Beynəlxalq hüquq müdafiə təşkilatları isə Azərbaycanda çoxsaylı vicdan məhbusunun olduğunu iddia edir.
XS
SM
MD
LG