Accessibility links

Avropa komissarı Azərbaycanı öhdəliklərini yerinə yetirilməyə çağırıb


Avropa İttifaqının komissarı Stefan Fule
Avropa İttifaqının komissarı Stefan Fule

Stefan Fule Azərbaycan səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib

Avropa İttifaqının genişlənmə məsələləri və Şərq Tərəfdaşlığı üzrə komissarı Ştefan Füle mayın 3-də Diplomatik Akademiyada çıxış edib və mətbuat konfransı keçirib.

Komissar deyib ki, Azərbaycan Avropa üçün mühümdür və bu əməkdaşlıq strateji xarakter daşıyır. Brüssel münasibətlərin fəallaşmasını istəyir və bu istiqamətdə fəal iş gedir, amma onu sürətləndirmək və gücləndirmək yaxşı olardı.

Füle müsbət məqamlar arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqları göstərib. O, Bakını daha fəal şəkildə siyasi və iqtisadi islahatlar aparmağa, Şərq Tərəfdaşlığı çərçivəsində öz öhdəliklərinin yerinə yetirilməsini təmin etməyə çağırıb.

O, Azərbaycanın ATƏT və AŞ çərçivəsində öhdəliklərini yerinə yetirməsinin, azad və ədalətli seçkilər keçirilməsini təmin etməsinin tərəfdarı olduğunu bildirib.

“Qarşıda duran seçkilər beynəlxalq tərəfdaşlar qarşısında qəbul edilmiş öhdəliklərə, demokratik norma və prinsiplərə sadiqliyi sübut etmək və göstərmək üçün yaxşı imkan olacaq”, deyə Füle bildirib.

Demokratiya sahəsində vəziyyətə toxunan Avropa Komissarı vətəndaşların hüquq və azadlıqlarının pozulması faktlarından narahatlığını bildirib.

Gənc fəalların həbsi və müxalifətin təqibi faktları haqqında məlumatı olub-olmadığı haqqında suala cavabda Füle bütün baş verənlər haqqında yaxşı məlumatı olduğunu bildirib.

Onun sözlərinə görə, belə faktların getdikcə daha da çoxalması pisdir.

Jurnalistlər üçün mətbuat konfransında Füle Turan agentliyinin Quba, İsmayıllı və Bakıda kütləvi etirazları nəzərə alsaq, Azərbaycanda vəziyyətin nə dərəcədə sabit olması və kütləvi həbslər, toplaşmaq azadlığının məhdudlaşdırılması fonunda ədalətli və azad seçkilər keçirilməsinin necə mümkün olacağı haqqında sualına cavab verməkdən yayınıb.

Avropa komissarı bildirib ki, Avropa İttifaqı hadisələri izləyir və qiymətləndirir, Azərbaycan hakimiyyəti tərəfindən adekvat qiymətləndirmə gözləyir.

“Biz dəfələrlə vəziyyətin yaxşılaşdırılması, islahatlar keçirilməsi ilə bağlı təklif və tövsiyələrimizi dilə gətirmişik və hökumətə təqdim etmişik. Bu, seçki komissiyalarının tərkibinə, namizədlər üçün bərabər imkanlar yaradılmasına, toplaşmaq azadlığının təmin edilməsinə aiddir. Biz tövsiyələrin qəbul ediləcəyini və demokratik seçkiqabağı mühit yaradılacağını gözləyirik. Avropa İttifaqı öz monitorinqini həyata keçirəcək”, deyə o bildirib.

NİDA fəallarının taleyi haqqında təkrar suala cavabda Avropa komissarı bildirib ki, Brüssel vətəndaşların hüquq və azadlıqlarının pozulması, ifadə azadlığının məhdudlaşdırılması faktlarından və xüsusən qanunvericiliyə İnternetdə söz və ifadə azadlığını məhdudlaşdıran düzəlişlər edilməsindən narahatdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG