Accessibility links

Xaçmazda QHT tədbirinə imkan verilməyib


Xaçmazda QHT-lərə təhdid
Xaçmazda QHT-lərə təhdid

Polis treninq iştirakçılarını oteldən və ofisdən zorla çıxarıb

Fevralın 12-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) Xaçmazda olan təlimçiləri mülki geyimli polislərin basqılarına məruz qalıb.

SMDT-nın əməkdaşı Cavid Nəbiyev bildirib ki, polis heç bir açıqlama vermədən yerləşdikləri “Sahil” otelindən onları zorla çıxarır. Burada vətəndaşların idarəetmə bacarıqlarının artırılması layihəsi çərçivəsində treninq keçirmək niyyətində olublar. Layihə Avropa İttifaqı və ABŞ Milli Demokratiya İnstitutu (NDİ) tərəfindən maliyyələşdirilir.

“Polislər əməkdaşlarımıza təzyiq edir, onların hərəkətinə mane olur, kobud sözlərdən istifadə edir”, - C.Nəbiyev əlavə edib.

Otel rəhbərliyi də SMDTT nümayəndələrindən mehmanxananı tərk etməyi tələb edib, halbuki, otelin pulu ödənilib.

Öz növbəsində “Sahil” otelinin administratoru Sevinc Atayeva deyib ki, heç kimi oteldən çıxarmayıblar.

“Sadəcə, rayon rəhbərliyi bizə dedi və mən də onlardan oteli boşaltmağı xahiş etdim”, o qeyd edib.

Bundan sonra SMDTM əməkdaşları tədbiri İREX-in yerli ofisində keçirmək qərarına gəlib. C.Nəbiyevin sözlərinə görə, polis ora gələrək yenə də onları qovub.

O bildirib ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları hədə-qorxularla və fiziki təzyiqlə ofisi boşaltmağa məcbur edib. C.Nəbiyev polis əməkdaşları tərəfindən döyülüb.
SMDTM-nin regional nümayəndəsi Aftandil Məmmədli bildirib ki, polis bu beynəlxalq təşkilatın ofisinə basqın edib.

"Bu qanunsuzluq və özbaşınalıqdır”, - A.Məmmədli bildirib və xatırladıb ki, bundan əvvəl Qubada da polis bu cür hərəkətlər törədib.

O deyib ki, baş verənlərlə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib. Hüquq-mühafizə orqanları şərh vermir.
XS
SM
MD
LG