Avqustun 27-də Gəncə Apellyasiya Məhkəməsində hakim Bədəl Əliyevin sədrliyi ilə “Kamil Vətəndaş” Cəmiyyətinin rəhbəri Həsən Hüseynlinin apelyasiya şikayəti üzrə ilkin baxış iclası olub. Məhkəmə işi 9 sentyabr saat 15.00-da yekun baxışa təyin edib. Bu barədə vəkil Elçin Sadıqov Amerikanın Səsinə müsahibəsində bildirib.
Vəkillər Həsən Hüseyni barədə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi və qismən məhkəmə istintaqı aparılması barədə vəsatətlər verib. Məhkəmə vəsatətləri təmin etməyib.
Həsən Hüseynli Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirli bilinir. O Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 14 iyul tarixli hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Hüseynli məhkəmənin bu hökmündən apellyasiya şikayət verib.
Elçin Sadıqov Həsən Hüseynlinin hər hansı günahının olmadığın bildirib. “Onun barəsində məhkəmə hökmü qanunsuzdur. Həsən Hüseynlinin hər hansı bir cinayəti törətməkdə iş materiallarında heç bir sübut yoxdur. Ona görə də apellyasiya şikayəti verib bəraət tələb etmişik”, vəkil qeyd edib.
Vəkil bildirib ki, Hüseynli Gəncə bölgəsində çox yaxşı tanınıb. “Onun məhkəməsinə də çoxsaylı insanlar gəlir, əksəriyyəti də gənclərdir”.