İyulun 4-də Gəncə şəhər Nizami rayon məhkəməsində hakim Ayaz Mahmudovun sədrliyi ilə Gəncədəki “İntellektual Vətəndaş Maarifləndirmə Mərkəzi”nin rəhbəri Həsən Hüseynlinin işi üzrə dövlət ittihamçısı çıxış edib.
Dövlət ittihamıçı hüquq müdafiəçisini Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə ilə törədildikdə) maddəsi ilə təqsirli bilərək 7 il azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə iyulun 11-də müdafiə tərəfinin çıxışları ilə davam edəcək.
İstintaqın məlumatına görə, Hüseynli guya Gəncə sakini Arzu Qəhrəmanova bıçaq xəsarəti yetirib. Hüseynlidən ölkəni tərk etməmə haqqında iltizam alınıb.
O, bu hadisəni təxribat adlandırır.
“İntellektual Vətəndaş” QHT (İCEC) 2004-cü ildə təsis edilib. Təşkilat 2009-cu ilin fevralında dövlət qeydiyyatından keçib. Bu QHT-nin əsas missiyası Azərbaycanın qərb bölgəsində açıq cəmiyyət ideyalarının yayılmasından ibarətdir. Bu məqsədlə vətəndaş cəmiyyəti haqqında maarifləndirici tədbirlər keçirilib, layihənin əsas hədəf qrupu gənclərdir.