Accessibility links

Həsən Hüseynlinin dərhal həbsdən azad olunması tələb edilir


Həsən Hüseynli
Həsən Hüseynli

Ağ Evin saytında “Həsən Hüseynlinin azad edilməsinə yardım edin!” müraciət yerləşdirlib. Vətəndaş cəmiyyəti təşkilatları hüquq müdafiəçisinin azad edilməsini tələb edir

ABŞ-dakı Azərbaycan diasporunun nümayəndələri Ağ Evin saytında Gəncə şəhərində qanunsuz həbs olunmuş vətəndaş cəmiyyətinin fəalı Həsən Hüseynlinin azad edilməsinə yardım göstərilməsinə çağıran müraciət yerləşdiriblər. Turan agentliyi bildirir ki, “Qanunsuz həbs olunmuş hüquq müdafiəçisi Həsən Hüseynlinin azad edilməsinə yardım göstərin” adlı müraciəti bir neçə saatda 100-dən çox insan imzalayıb.

“Biz Azərbaycan hökumətindən H.Hüseynlinin azad olunmasını və uydurma ittihamların onun üzərindən götürülməsini tələb edirik. Biz vətəndaş azadlığını qiymətləndirən insanları müraciəti dəstəkləməyə və H.Hüseynlinin azad olunmasını tələb etməyə çağırırıq.

H.Hüseynli Azərbaycanda gəncləri ruhlandırır və dünya Könüllülər korpusunun fəal köməkçisidir. O, böyük sayda gəncə yardım göstərib və indi də onu müdafiə etmək üçün bizim növbəmizdir. Həsən Hüseynliyə azadlıq!”, - müraciətdə deyilir.

Mayın 1-dək müraciəti 100 000 nəfər imzalamalıdır ki, Ağ Ev məsələyə rəsmi münasibətini bildirsin.

Müraciətlə tanış olmaq üçün bu ünvana daxil ola bilərsiniz: https://petitions.whitehouse.gov/petition/help-free-hasan-huseynli-wrongly-imprisoned-youth-development-and-civil-right-supporter-republic/Tmj2Vsf6

Sənədə yalnız ABŞ-da qeydiyyatda olan İP ünvanlardan səs vermək olar

Azərbaycanda fəaliyyət göstərən Vətəndaş Cəmiyyətinin təmsilçiləri də “Kamil Vətəndaş" Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin həbsinə etiraz olaraq birgə bəyanatla çıxış edib.

Sənəddə H.Hüseynliyə qarşı ittihamlar uydurma adlandırılır və dərhal azadlığa buraxılması tələb edilir.

57 yaşlı H. Hüseynli martın 31-də başqasına bıçaq xəsarəti yetirmək iddiası ilə xuliqanlıqda ittiham olunaraq şübhəli şəxs qismində saxlanılıb.

Bətanatda Gəncədə fəaliyyət göstərən “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzini ölkənin qərbində insan haqları və demokratiyanın təşviqi, gənclərin maarifləndirilməsi və xaricdə təhsil proqramlarında iştiraka yönələn proqramların həyata kecirilməsi ilə tanındığını vurğulanır. Mərkəzin beynəlxalq və yerli ictimai qurumlarla birgə 20-dən artıq lahiyə icra etdiyi qeyd olunur.

Bu fəaliyyətinə görə Gəncə Şəhər İcra Hakimiyyətinin Mərkəzə və rəhbəri H.Hüseynliyə qarşı təzyiq kampaniyası həyata keçirdiyi bildirilir.

Azərbaycanın bir çox regionlarında olduğu kimi burada da QHT-lərin fəaliyyətinə maneələr yaradıldığı, əhali ilə işləməyə, qapalı yerlərdə belə tədbirlər keçirməyə imkan verilmədiyi vurğulanır. Amma bu təzyiqlərə baxmayaraq, Mərkəzin QHT həmkarları üçün resurs mərkəzi qismində çıxış etdiyi, layihələrə dəstək verdiyi və məhz buna görə cəzalandırıldığı iddia edilir.

H.Hüseynlinin həbsi jurnalist Qənimət Zahidin, blogerlər Emin Milli və Adnan Hacızadənin həbslərilə müqayisə edilir. Belə saxta ittihamla jurnalist Sərdar Əlibəyli və siyasi fəal Yadiqar Sadiqovun da həbsxanada olduğu xatıradılır.

H.Hüseynlinin həbsi keçən ilin sonundan müstəqil QHT-lərə qarşı başlanan repressiyasının tərkib hissəsidir. Repressiyaların digər sübutu kimi iqtidarın siyasi sifarişi əsasında vətəndaş cəmiyətinin fəalları İlqar Məmmədov və Tofiq Yaqublunun həbsləri göstərilir.

Vətəndaş cəmiyyətinin tanınmış nümayəndələrinin saxta ittihamlarla həbsləri, qanunvericiliyin sərtləşdirilməsilə təqiblərin artması insan haqları üzrə beynəlxalq konvensiyaların tələblərinin pozulması, Azərbaycanın Avropa Şurası və AŞPA önündə götürdüyü öhdəliklərin pozması kimi dəyərləndirilir.

Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyinə iki aydan da az bir müddət qaldığı vaxtda belə həbsin baş verməsi Azərbaycan iqtidarının fundamental insan hüquq və azadlıqlarını qorumaqda maraqlı olmaması kimi şərh edilir.
XS
SM
MD
LG